Dünyadan köçən şəxsin pensiya kapitalı ailəsinə verilməlidirmi - İqtisadçı və hüquqşünas DANIŞDI

14:35 28 Noyabr 2024

Pensiya yaşına çatmadan dünyadan köçən şəxslərin Pensiya Fondundakı yığımlarının vərəsələrə ötürülməsi son illərdə geniş müzakirə mövzusudur. Bu məsələ, həm hüquqi, həm də sosial baxımdan  əhəmiyyət kəsb edir. Vətəndaşların ömür boyu ödədikləri sosial sığorta haqqının aqibəti və bu vəsaitlərin ailə üzvlərinə çatdırılması ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər bu vəsaitlərin vərəsələrə keçməsini hüquqi ədalət kimi dəyərləndirsə də, digərləri bu prosesin sosial sığorta sisteminə təsirlərinə diqqət çəkirlər. Bəs, ölən şəxslərin pensiya fondundakı vəsaitləri vərəsələrinə verilməlidirmi? 

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı Eldəniz Əmirov  bildirib ki, bu məsələ ciddi şəkildə müzakirəyə açıqdır: "Çünki dünyasını dəyişən insanların pensiya fondunda olan vəsaitlərindən onların ailələrinin istifadə etmək hüququ var. Ümumiyyətlə birbaşa istifadə etmək hüququ verilməlidir. Bu eyni zamanda da bilavasitə pensiya fonduna vəsaitlərin cəlb olunması üçün insanlarda bir motivasiya yaradar. Amma bu gün bir çox insanlarda belə fikir formalaşıb ki, hələ bilmirəm pensiya yaşına çatacam ya çatmayacam, ödədiyim vəsaiti almaq qismət olacaq, ya yox. Əslində insanların bu sözündə çox böyük həqiqət var.

Ümumiyyətlə mövcud ölüm statistikası bu fikirin doğruluğunu, bu istiqamətdə nə qədər risklərin olduğunu təsdiqləyir. Buna görə də düşünürəm ki, dünyasını dəyişən şəxsin vəsaitlərinin ailəsi tərəfindən istifadəsi üçün ən azından ilkin vəziyyətlərdə müəyyən faiz nisbətini,  məsələn yarısını ailəsinin istifadə etməsi üçün bir imkan yaradılmalıdır. Çünki insan faktiki olaraq onu öz ailəsinin boğazından kəsərək ödəyir ki, ona nə vaxtsa alacaq. Həmin vəsaitdə onun  ailəsinin həm birbaşa,  həm də mənəvi mənada haqqı var".

Bu mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov da qeyd edir ki, bu günə olan qanunvericiliyə əsasən dünyadan köçən şəxslərin Pensiya Fondundakı yığımlarının vərəsələrə verilməli deyil: ”Şəxs öləndə məsələn, arvadın pensiyası ərin pensiyasından azdırsa,  arvad ərinin pensiyasını ala bilər. Əksinə arvad öldüsə və onun pensiyası kişidən daha yüksəkdirsə, onun fərqini alır, bir də 18 yaşına çatmayan uşaqlar alır. Amma o da 18 yaşına kimi. Pensiya kapitalı yığılsın, tez ölərsə həmin vəsaiti sonra  onun vərəsələrinə ödəsinlər deyə bir şey bizdə yoxdur. Xarici ölkələrdə isə bu tam da olmasa da, qismən var".

Hüquqşünas hesab edir ki, bizdə bu məsələnin olmaması bəlli məsələdir, çünki bunun üçün pul yoxdur: "Yəni, Dövlət Sosial Müdafiə Fondu hər il yığıdığı sosial sığorta haqlarından əlavə, dövlət büdcəsindən də vəsait alır. Buna görə də Fondda pul yoxdur. Hər ölənin pulunu onun vərəsələrinə də versə, onda Fondda pul qalmayacaq. Bunun düzgün olub-olmadığını mən müzakirə etmirəm. Əlbəttə ki, yaxşı olardı ki, adamın pensiya kapitalı ailəsinə verilsin.

Bunun üçün də gərək qanunu dəyişsinlər. Onda Fondun bunun üçün kifayət qədər vəsaiti olmayacaq. Yada  gərək bizdən yığılan pulu artırsınlar ki, Fondda pul olsun. Digər arqument kimi isə deyə bilərlər ki, şəxsin ömrü uzun oldu, 90-100 il yaşadı, pensiya kapitalı bitdi,    ancaq pensiyasını alır. Bu halda onu dövlət ödəyir, ancaq tez öləndə isə Fonddan onun vəsaitinin ailəsinə qaytarılmasını istəyirsiniz. Bu məsələ mürəkkəbdir. Hesab edirəm ki, heç olmasa qalıq pensiya kapitalının 50%-i vərəsələrə verilsəydi,  yaxşı olardı. Amma bunun üçün gərək Fondda pul olsun. Bu səbəbdən, varlı insanlardan, onların  mülklərindən, əmlaklarından daha çox  vergi, sosial haqq və sair yığmaq lazımdır. Bu yolla pulu formalaşdırmaq lazımdır. Yəni varlılardan alıb, kasıblara vermək. Necə ki, inkişaf etmiş ölkələrdə bu belədir”.

Aytac Baxış

Sitat.info

 



Xəbər xətti