Ermənistanda kütləvi həbslər: 12 müxalifətçi saxlanıldı

19:42 27 Mart 2025

Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.

Sitat.info Nyus.am-a istinadla xəbər verir ki, bunu blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan deyib.

“Blokun saxlanılan fəallarından olan Emma Qriqoryan azad edilib. O, iki övladının gözü qarşısında saxlanılıb, stress keçirib, lakin evində heç nə tapılmadığı üçün sərbəst buraxılıb”, - o əlavə edib.

Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlayıb. Komitədən verilən məlumata görə, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə seçici rüşvəti təklif edilib. Həmin icmanın Ağsaqqallar Şurasına deputatlığa namizədliyi irəli sürülmüş partiya üzvünün, eləcə də etibar etdiyi şəxsin xeyriyyə adı altında seçicilərə pul vəd etməsi barədə məlumat daxil olub.

Xatırladaq ki, “Ana Ermənistan” bu gün səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının blokun ofisinə gələrək qərargah rəhbəri Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarış aparması barədə məlumat yayıb. Eyni zamanda “Ana Ermənistan”ın bir neçə tərəfdarının mənzillərində də axtarışlar aparılıb.



Xəbər xətti