Dünya qlobal ərzaq qıtlığı ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi, logistik əlaqələrin kəsilməsi, sanksiyalar, əksər ölkələrin öz daxili bazarlarını qorumaq üçün ixracı qadağan etməsi ciddi böhranın qaçılmaz olduğunu deməyə əsas verir. Gözlənilən odur ki, bnu böhran, bahalaşma və qıtlıq Azərbaycana da təsir edəcək. Bəs Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün hansı imkanları var?
Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının Sədri Sərdar Cəlaloğlu SİTAT.İNFO- ya açıqlamasında bildirdi ki, Azərbaycan öz potensialı ilə daxili bazarını lazım olan ərzaqla təmin etmək imkanına malikdir: “Sadəcə aqrar siyasət, subsidiya siyasəti düzgün aparılmadığına görə kənd təsərrüfatı məhsullarının daxili bazarda qıtlığı meydana gəlib. İşğaldan azad etdiyimiz ərazilər əkinçilik üçün xeyli dərəcədə münbitdir. Prezident İlham Əliyev də demişdi ki, taxıl ehtiyatının 75 faizini Azərbaycandan təmin edəcəyik”.
S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatını ərzaq təmayüllü müstəviyə keçirmək lazımdır: “Dövlət tədarük siyasəti həyata keçirilməlidir. Əsas məsələ əhalinin istehsal etdiyi kənd təsərrüfatı mallarını sata bilməməsi və nəticədə ərzağın xarab olması və sairdir".
Partiya sədri bildirdi ki, hökumət bu məhsulları saxlamaq üçün anbarlar tikməlidir: "Ən vacibi isə odur ki, məhsulu istehsalçılardan dövlət almalıdır. Azərbaycanda dövlət tədarükü həyata keçirilmədiyi müddətdə kənd təsərrüfatı sahəsində ciddi irəliləyiş əldə etmək mümkün deyil. Digər tərəfdən kənd təsərrüfatı məhsullarıdan istifadəyə qənaət edilməlidir. Tonlarla çörək zibilliyə, heyvanlara atılır. Ərzaq məhsulları eyni zamanda hərbi sistemdə də rasional istifadə edilir.
Ərzaqların israf edilməməsi ilə bağlı ciddi tədbirlər də görülmlidir. Azərbaycanı ciddi böhran gözləməyəcək, çünki iqlimi və şəraiti bu vəziyyətdən çıxmağa imkan verəcək”.
Safura Bənnayeva
SİTAT.İNFO