Aprelin 21-də “Millenium” şadlıq sarayının qarşısında avtomobillərini park edən qonaqlara cərimə tətbiq olunub.
Bu barədə Sitat.info-ya şikayət edən vətəndaş Elyanə Qədirova bildirib.
Onun sözlərinə görə, şadlıq sarayının nəzarətçisi avtomobili yolun ikinci zolağında saxlamağı tövsiyə edib və həmin ərazidə yol polisi tərəfindən cərimə yazılmadığını deyib.
“Millenium şadlıq sarayında keçirilən məclisdə iştirak edirdim. Nəzarətçi avtomobilimi şadlıq sarayının qarşısında ikinci zolaqda saxlamağımı bildirdi. Narahat olmamağımı, burada yol polisinin cərimə yazmadığını dedi. Məclisdə olduğum vaxt – saat 20:30 radələrində telefonuma qayda pozuntusuna görə 72 manat cərimə və 4 cərimə balı tətbiq edilməsi ilə bağlı mesaj gəldi. Mənimlə yanaşı digər qonaqlar da eyni vaxtda cərimə mesajı aldı”, – deyə şikayətçi qeyd edib.
Elyanə Qədirova bildirib ki, onunla birlikdə üç rəfiqəsi də eyni səbəbdən cərimələnib.
Şikayətçinin sözlərinə görə, hadisədən sonra qonaqlarla şadlıq sarayının rəhbərliyi arasında narazılıq yaranıb:
“Mənim kimi təxminən 15 nəfər cərimələnmişdi. Mübahisə düşdü. Restoran rəhbərliyi cərimələrin onların tərəfindən qarşılanacağını bildirdi, hətta kart hesabı təqdim etməyimizi istədi. Lakin sonradan vəd yerinə yetirilmədi. Şadlıq sarayı qonaqlara qarşı hörmətsizlik etmiş oldu. Biz qonaq idik və nəzarətçi avtomobillərin saxlanmasına görə məsuliyyət daşımalı idi”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nigar,
Sitat.info