DİM-dən narazılıq səngimək bilmir. Ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında iştirak edən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçirib.
Onlar bildiriblər ki, dörd il ərzində ingilis dili fənni tədris olunmasa da, imtahana salınıb.
Etirazçılar dövlət attestasiya komissiyasına müraciət edərək bu tələbin aradan qaldırılmasını istəyiblər. DİM rəhbəri Məleykə Abbaszadə ilə görüşən etirazçılara yenidən imtahan keçirilməsi təklif olunub. Lakin imtahan verənlər bunun ədalətsizlik olduğunu, dövlət qurumunun səhvi ucbatından yaranmış problemə görə 2 dəfə imtahan həyəcanı yaşamağın yolverilməz olduğunu deyiblər.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, imtahanların DİM tərəfindən keçirilməsi müsbət haldır: "Artıq bir neçə ildir ki, ali təhsil müəssisələrinin, eyni zamanda AMEA-nın doktorantura pilləsinə xarici dillə bağlı imtahanlar keçirir. Bu özlüyündə yaxşı bir haldır. Belə ki, əvvəlki illərdə ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbul zamanı çox ciddi şəkildə neqativlər var idi. Bəzi hallarda savadlı uşaqlar prosesdən kənarda qalırdı, başqa yollarla pul verənlər, tapşırılanlar keçirdilər. DİM isə doktorantura pilləsinə ayrıca qəbul imtahanları keçirir və bu imtahanlarda bu dəfə texniki xəta baş verib. Belə ki, dinləmə mətni ilə bağlı dinləmə qurğusunda texniki xəta olub. Bu cari ildə DİM-in eyni avadanlıqla etdiyi ikinci səhvdir. Bundan əvvəl də 11-ci siniflərin mart ayında keçirilən imtahanlarında otaqların birində "listening" sualların birində səsləndirici qurğuda problem olmuşdu. Mövcud problemdən çıxış yolu kimi biz mütləq şəkildə açıq suallardan və dinləmə qurğularından istifadə edərək təqdim etdiyimiz sualları yığışdırmalıyıq, onlardan imtina etməliyik. Daha çox açıq və qapalı suallardan istifadə edərək imtahan iştirakçılarının biliklərini yoxlamalıyıq".
Texniki xətalara gəlincə, K.Əsədov ikinci imtahan məsələsinin doğru yanaşma olmadığını qeyd etdi: "Təbii ki, bu baş verənlər imtahan iştirakçıları üçün ciddi problem hesab edilə bilər. Çünki DİM indi həmin gənclərə ikinci dəfə imtahan verməyi təklif edir. Hesab edirəm ki, bu onlar üçün psixoloji baxımdan müəyyən qədər çətinlik yaradacaq. Amma mövcud vəziyyətdən çıxış yolu, hər bir imtahan iştirakçısına texniki problem olan sualların maksimum balla verilməsidir. Texniki problem olan suallarda imtahan iştirakçılarına maksimum bal yazılarsa, həm ədalət bərpa edilər, həm də onların ikinci mərhələyə keçməsinə kömək edərik. Onsuz da imtahan iştirakçılarının növbəti imtahanları da var. Əgər onlar uğur qazanmasalar prosesdən kənarda qalacaqlar. Ona görə də, DİM texniki xəta olan suallar üzrə imtahan iştirakçılarına maksimum bal yazmaqla mövcud problemi həll edə bilər".
Ləman Sərvanqızı,
SİTAT.İNFO