Tramp: "Xamenei ilə görüşmək istərdim"

16:53 3 İyun 2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ali rəhbəri Müctəba xamenei ABŞ-la aparılan danışıqlarda birbaşa iştirak edir və prosesə razılıq verir.

Sitat.info xəbər verir ki, “Pod Force One” podkastına müsahibəsində Tramp, Xameneinin ABŞ ilə düşmənçiliyin dayandırılmasına yönəlmiş danışıqlarda iştirak edib-etmədiyi barədə suala cavab olaraq, “Bəli, tamamilə iştirak edir. Düşünürəm ki, ona böyük hörmət bəsləyirlər”, – deyə bildirib.

Tramp qeyd edib ki, Xameneinin səhhətinin yaxşı olmadığı barədə məlumatlar alır, lakin onun danışıqlar zamanı qərarlara razılıq verdiyini bilir. ABŞ prezidenti indiyədək Xamenei ilə görüşmədiyini, lakin gələcəkdə bunun mümkün ola biləcəyini deyib.

“Onunla görüşmək istərdim. Hadisələrin necə inkişaf etməsindən asılı olaraq, yəqin ki, nə vaxtsa görüşəcəyik”, – Tramp əlavə edib.

ABŞ lideri həmçinin İranla müharibəni uğurlu hesab etdiyini bildirərək, ölkənin hərbi qüvvələrinin məğlub edildiyini iddia edib.

“İran böyük uğurdur. Hazırda razılaşma üzərində işləyirik. Əgər əldə olunsa, yaxşı olacaq. Əgər alınmasa, bu da problem deyil. O zaman başqa üsulla hərəkət edəcəyik”, – Tramp vurğulayıb.

O, “başqa üsulun” nə demək olduğunu dəqiqləşdirməsə də, daha əvvəl ABŞ-ın zərbələri bərpa edə biləcəyini bəyan etmişdi.

Nigar,

Sitat.info



Xəbər xətti