"Paşinyanın qalib gəlməsi həm Ermənistanda, həm də bütövlükdə Cənubi Qafqazda son illərdə gedən proseslərin davamlılığını təmin etdi. Bu nəticə, eyni zamanda, Ermənistanın Rusiyadan tam asılılıqdan uzaqlaşmaq istiqamətində irəlilədiyini göstərir.
Təbii ki, Rusiya Ermənistanı asanlıqla öz təsir dairəsindən buraxmayacaq və müəyyən müddət ərzində ölkədəki proseslərə təsir göstərməyə çalışacaq. Lakin Robert Köçəryanın qalib gələcəyi təqdirdə Rusiyanın Cənubi Qafqaz siyasəti əvvəlki mərhələsinə qayıda bilərdi. Bu halda regionda yenidən gərginlik və qarşıdurma riskləri arta, münaqişə mühiti formalaşa bilərdi".
Bu sözləri "Sitat.info"ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, Paşinyanın qələbəsi Cənubi Qafqazın gələcəyi üçün mühüm siyasi hadisədir:
"Paşinyanın qələbəsi təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mühüm siyasi hadisədir. Mən Paşinyanın qələbəsini müsbət qiymətləndirirəm. Çünki, Qafqaz xalqları düşmənçilik və qarşıdurma siyasəti ilə deyil, əməkdaşlıq və qarşılıqlı inkişaf yolu ilə irəliləyə bilər. Uzun illər region ölkələri bir-birinin inkişafına mane olan siyasətlərin şahidi olub. İndi isə Cənubi Qafqazın tədricən daha normal geosiyasi məkana çevrildiyini görürük. Ümid edirəm ki, yaxın gələcəkdə region münaqişələr zonasından əməkdaşlıq zonasına çevriləcək.
ABŞ və Qərbin Ermənistana verdiyi dəstək, eləcə də ölkə daxilində aparılan islahatlar nəticəsində korrupsiya və seçki saxtakarlığı kimi problemlər əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Paşinyanın seçkilərdə demokratik şəkildə qələbə qazanması da bunun göstəricisidir.
Ermənistan cəmiyyətinin son illərdə demokratiyaya, Qərbə inteqrasiyaya və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə doğru daha inamlı addımlar atdığı müşahidə olunur. Ermənistan təcrübəsi göstərir ki, bir ölkədə korrupsiya və seçki saxtakarlığı minimuma endirilərsə, hətta ağır milli məğlubiyyətlər belə dövlət institutlarını sarsıtmaz və cəmiyyətin gələcəyə inamını tamamilə məhv etməz.
Ermənistan Qarabağ müharibəsindən sonra ciddi psixoloji sarsıntı yaşamışdı. Lakin ölkə tədricən həmin mərhələni geridə qoymağa çalışır və itirilən imkanları başqa sahələrdə kompensasiya etmək üçün addımlar atır. Bu da Ermənistan vətəndaşlarının daha sabit və firavan gələcəyi üçün vacib amillərdən biridir.
Hətta imkanım olsaydı, Paşinyanı təbrik edərdim. Çünki onun qələbəsi bu və ya digər formada Azərbaycan əleyhinə müxtəlif geosiyasi oyunların həyata keçirilməsinin qarşısında müəyyən maneə rolunu oynaya bilər".
Aytac,
Sitat.info