İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.
Sənədə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilməlidir.
Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.
Hökumət işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin məbləğini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini 1 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün 1 ay müddətində zəruri tədbirlər görməli, fərmanda nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.