Zaxarova Ermənistandakı seçkiləri tənqid etdi: Müxalifətə ciddi təzyiqlər olub

13:21 10 İyun 2026

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə görünməmiş təzyiqlər və Qərbin misilsiz müdaxiləsi şəraitində baş tutub.

Sitat.info xəbər verir ki, Sputnik radiosuna danışan Zaxarovanın sözlərinə görə, seçki kampaniyası dövründə Ermənistan hakimiyyəti müxalif qüvvələrə ciddi təzyiqlər göstərib. O, eyni zamanda seçkilərin Qərb ölkələrinin fəal təsiri altında keçirildiyini iddia edib.

Diplomat qeyd edib ki, Ermənistan xalqı Moskva-İrəvan münasibətlərinin sabit inkişafına və ölkənin real fayda verən Avrasiya inteqrasiya strukturlarında iştirakının davam etməsinə dəstək nümayiş etdirib. Onun fikrincə, Qərbin Ermənistana verdiyi vədlər seçkilər ərəfəsində dəyişdirilərək ölkənin hələ Qərb inteqrasiya platformalarına hazır olmadığı etiraf edilib.

Zaxarova vurğulayıb ki, Rusiya hər zaman suveren Ermənistanı dəstəkləyib və erməni xalqını qardaş xalq hesab edir. O, həmçinin son on ildə Ermənistanda məqsədyönlü və intensiv ictimai qütbləşmənin müşahidə olunduğunu bildirib.

Nigar,

Sitat.info



Xəbər xətti