Rusiya Prezidenti Vladimir Putin qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi üçün əlavə tədbirləri nəzərdə tutan qanunu imzalayıb.
Sitat.info xəbər verir ki, sənədə əsasən, miqrantların Rusiyaya daxil olduqdan sonra məcburi tibbi müayinədən keçmələri üçün nəzərdə tutulan müddət 90 gündən 30 günədək azaldılır. Bundan əlavə, ölkədə 30 gündən artıq qalan əcnəbi vətəndaşlar hər il tibbi müayinədən keçməli olacaqlar. Bu müayinə təhlükəli yoluxucu xəstəliklərin, HİV infeksiyasının, eləcə də narkotik maddələrdən istifadə faktlarının olmadığını təsdiqləmək üçün tələb olunur.
Tibbi müayinənin xərcləri miqrantların özləri və ya onların işəgötürənləri tərəfindən ödəniləcək. Qanun həmçinin tibbi müayinələrin təşkilində vasitəçiliyi qadağan edir. Bu fəaliyyətlə yalnız səlahiyyətli tibb müəssisələri məşğul ola biləcəklər.
İcbari tibbi müayinə müvəqqəti yaşama icazəsinin və iş icazəsinin alınması, eləcə də patentin yenidən rəsmiləşdirilməsi üçün məcburi şərt olacaq.
Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Rusiya miqrantlar üçün yaşayış və iş izni ilə bağlı rüsumları da kəskin artırıb.