2025-ci il dövlət büdcəsinin icrasına dair hesabat və Hesablama Palatasının rəyi onu göstərir ki, ötən il dövlət maliyyəsinin idarə olunması baxımından uğurlu il olub.
Sitat.info xəbər verir ki, bunu deputat Tahir Mirkişili parlamentdəki müzakirələrdə deyib.
Onun sözlərinə görə, büdcə gəlirləri proqnozu üstələyib, büdcə profisitlə icra edilmiş, strateji valyuta ehtiyatlarımız yüksək səviyyədə qorunub:
“Müzakirəyə təqdim olunan sənədlər 2025-ci il dövlət büdcəsinin icrası zamanı ümumilikdə dövlət maliyyəsinin sabitliyini və büdcə intizamının qorunduğunu göstərir. Mühüm məqamlardan biri qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmaların həcminin artmasıdır. Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadiyyatın leqallaşdırılması və rəqəmsal həllərin tətbiqi hesabına qeyri-neft gəlirlərinin artım tendensiyası davam edib. Bu, büdcənin gəlir bazasının genişlənməsi baxımından vacib göstəricidir. Dövlət borcunun aşağı olması, strateji valyuta ehtiyatlarımızın qorunması iqtisadi müstəqilliyimizi 2025-ci ildə də gücləndirib və milli maraqlara xidmət etməsinə imkan yaradıb. Möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi Böyük qayıdış proqramının sürətlə icra olunması böyük qələbləmizin möhkəmlənməsinə xüsusi zəmin yaradıb. Dövlət büdcəsi 2025-ci ildə bu məqsədlərə nail olmaqda mühüm rol oynamış və lazımi zəmin yaradıb”. musavat.com