Uşaqlarla bağlı məlumatların yayılmasında daha həssas yanaşmaya ehtiyac var.
Sitat.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media və insan hüquqları” mövzusunda məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.
O qeyd edib ki, insan hüquqları prinsiplərinin qorunması Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
N.Məmmədli xüsusilə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı xəbərlərin hazırlanması zamanı media nümayəndələrinin daha həssas davranmasının vacibliyini vurğulayıb:
“Yetkinlik yaşına çatmayan şəxslərin iştirak etdiyi hadisələr işıqlandırılarkən onların hüquqları və mənafeləri nəzərə alınmalıdır. Bəzən uşaqlarla bağlı məlumatlar təqdim edilərkən onların şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar yayımlanır ki, bu da gələcəkdə onlar üçün mənfi nəticələr yarada bilər”.
MEDİA rəsmisi onu da əlavə edib ki, uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə beynəlxalq təcrübə öyrənilir və bu istiqamətdə müxtəlif təşəbbüslər müzakirə olunur.
Onun sözlərinə görə, bir sıra ölkələrdə tətbiq edilən yaş məhdudiyyətləri və digər mexanizmlər Azərbaycanda da araşdırılır:
“Azərbaycan dövləti yeni nəslin sağlam, milli-mənəvi və ailə dəyərlərinə uyğun formalaşmasına xüsusi önəm verir. Bu, ölkənin gələcəyi ilə bağlı vacib məsələlərdən biridir”, - deyə o qeyd edib.
N.Məmmədli bildirib ki, insan hüquqlarının düzgün işıqlandırılması həm cəmiyyətin məlumatlandırılması, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Son illər media nümayəndələri ilə bu istiqamətdə aparılan maarifləndirmə işləri müsbət nəticələr verir. İnsan hüquqları hər zaman prioritet məsələlərdən biridir. Müəyyən çatışmazlıqlar hələ də mövcuddur. Bu hallar daha çox uşaq hüquqları və yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların təqdim olunması zamanı müşahidə edilir”.
MEDİA rəsmisi qeyd edib ki, bəzi hallarda Azərbaycana qarşı informasiya manipulyasiyaları və qərəzli kampaniyalar məhz insan hüquqları mövzusu üzərindən qurulur:
“İnformasiya məkanında ölkəmizə qarşı yönəlmiş müxtəlif təhdidlər və yanlış təsəvvür yaratmağa hesablanmış cəhdlər var. Bu cəhdlərin əhəmiyyətli hissəsi insan hüquqları mövzusundan sui-istifadə edilməsinə əsaslanır. Medianın insan hüquqları prinsiplərinə həssas yanaşması və bu mövzuları peşəkar şəkildə işıqlandırması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə də mühüm töhfə verə bilər”, - deyə N.Məmmədli əlavə edib.