Londonda 77 yaşlı Kral III Çarlzın rəsmi ad günü münasibətilə ənənəvi “Trooping the Colour” hərbi paradı keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.Tədbirin finalında Kral III Çarlz ailə üzvləri ilə birlikdə sarayın eyvanına çıxaraq Trafalqar meydanına qədər uzanan məşhur “The Mall” küçəsinə toplaşmış minlərlə insanı salamlayıb. Kral ailəsi Kral Hərbi Hava Qüvvələrinin təyyarələrinin akrobatik şousunu izləyib. Parad başa çatdıqdan sonra dövlət himni səsləndirilib və kral xalqa əl edərək saraya daxil olub.
Qeyd edək ki, bu, III Çarlzın taxta çıxandan sonra qeyd etdiyi dördüncü ad günü paradıdır. Eyvanda kralın yanında həyat yoldaşı kraliça Kamilla, böyük oğlu və taxt-tacın varisi şahzadə Uilyam, onun xanımı Keyt Middlton və uşaqları – şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luis yer alıblar. Həmçinin şahzadə Anna, şahzadə Edvard və kral ailəsinin digər rəsmi üzvləri də eyvandan xalqı salamlayanlar arasında olub.
Xatırladaq ki, Kral III Çarlzın əsl ad günü noyabrın 14-də olsa da, Britaniya krallığı 260 ildən çoxdur davam edən ənənəyə sadiq qalaraq monarxın ad gününü hər il iyun ayında kütləvi xalq şənlikləri və paradla qeyd edir.