Avropanın “üç müşketyoru” Kiyevə iki təkliflə getdi: Zelenski AB üzvlüyü üçün torpaq güzəştə gedərmi?

15:54 17 İyun 2022

"Almaniya, Fransa və İtaliya Ukrayna savaşını dayandırmaq üçün yollar axtarırlar. Ukrayna savaşının mövcud nəticələri son vaxtlar Rusiyaya qarşı beynəlxalq koalisiyada parçalanma təhlükəsini artırmağa başlayıb. Çünki, həm Ukrayna savaşı, həm də Rusiyaya qarşı sanksiyalar Avropa məkanında ciddi böhran yaradıb.
Ona görə də, Avropa Birliyinin üç avanqard ölkəsi - Almaniya, Fransa və İtaliya Ukraynanı Rusiya ilə sülh danışıqları masası arxasına gətirməyə can atır. Bu, hər üç ölkənin liderləri tərəfindən Kiyevə səfər öncəsi verdiyi açıqlamalarda açıq şəkildə nəzərə çarpır. Ancaq rəsmi Kiyev isə Almaniya, Fransa və İtaliyanın mövqeyindən qıcıqlandığını qətiyyən gizlətmir".

Buz sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 
Onun fikrincə, məsələ ondadır ki, Qərbi Avropa ölkələri Almaniya, Fransa və İtaliyanın avanqardlığı ilə Rusiyanı Ukraynada düşdüyü “savaş bataqlığı”ndan çıxartmaq qərarı veriblər: "Bu ölkələr Kremlin zəifləməsindən məmnun olsalar da, Rusiyanın öz sərhədləri daxilində təcrid edilməsini də özləri üçün real təhlükə hesab edirlər. Çünki bu halda, beynəlxalq hərbi-siyasi məkanda qüvvələr nisbəti dəyişə bilər. Nəticədə Avropa qitəsi də daxil olmaqla, dünya üzərində hegemonluq imkanları ABŞ və Böyük Britaniyanın əlinə keçə bilər. Yəni, Almaniya, Fransa və İtaliyanın sülh təşəbbüsləri əslində, Qərbi Avropa ölkələri ilə aqlosakslar arasındakı mübarizədən qaynaqlanır".
 Siyasi şərhçi vurğuladı ki, Qərbi Avropa ölkələri Rusiyanı “savaş bataqlığı”ndan çıxarıb, xilas etmək cəhdləri ilə anqlosaksların dünya hegemonluqunu Rusiyanın müqavimət gücü ilə balanslaşdırmağa ehtiyac duyurlar: " Almaniya, Fransa və İtaliya Avropa qitəsinin ABŞ və Böyük Britaniyanın tam nəzarəti altına keçməsini istəmir".


E.Xalidbəyli onu da vurğuladı ki, bu ölkələr sülh danışıqları təşəbbüsü göstərərkən, Ukrayna ərazilərinin Rusiyaya qurban verilməsi üzərindən hərəkət etməyə çalışırlar: " Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Mario Dariqinin Kiyevə səfəri zamanı da müzakirələr məhz belə məzmun daşıyıb. Prezident Volodimir Zelenskiyə təklif edilib ki, Ukraynanın bəzi əraziləri Rusiyaya güzəştə gedilsin. Əvəzindəsə, Ukraynaya Avropa Birliyinə üzvlük vəd edilib. Yəni, Qərbi Avropanın “üç müşketyoru” Ukrayna torpaqlarını hərraca çıxararaq, “üç meymunu” oynama çalışırlar.
Rəsmi Kiyev Almaniya, Fransa və İtaliyanın qurmağa çalışdığı oyunu artıq anlayır. Prezident V.Zelenskinin “üç müşketyor”la görüşdə narazı görkəm alması da bunu təsdiqləyir. Rəsmi Kiyevin Almaniya, Fransa və İtaliyanın ssenarisi üzrə Ukrayna ərazilərini Rusiyaya güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür".

Siyasi şərhçi vurğuladı ki, böyük ehtimalla Almaniya, Fransa və İtaliyanın rəsmi Kiyevə Rusiya ilə danışıqlar üçün göstərdiyi təzyiqlər heç bir nəticə verməyəcək: " ABŞ və Böyük Britaniya da Ukraynanın indiki mərhədələ Rusiya ilə sülh danışıqlarına başlamasına imkan verməz. Yəni, “üç müşketyor”un Kiyevə səfərinin hansısa ciddi dəyişikliklərə yol aça biləcəyi qətiyyən inandırıcı görünmür. 
Yəqin ki, ABŞ və Böyük Britaniya Ukraynaya silah tədarük etmə prosesini davam etdirəcək. Ancaq Ukraynaya Rusiyanı dərhal məğlub etməyə bəs edəcək qədər silah verməyəcəklər. Çalışacaqlar ki, Ukrayna savaşı mümkün qədər uzansın, Rusiya tədricən məğlub olub, tamamilə zəifləsin".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti