Rusiyanın Ukrayna ilə apardığı müharibə Kremlin digər istiqamətlərdəki təsir gücünü bir qədər azaldıb və onun nəzarətindəki münaqişə ocaqlarında digər beynəlxalq güclərin vəziyyəti ələ almaq cəhdləri artıb. Bu cür konfliktlərdən biri də Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsidir. Hər nə qədər Rusiya sülhməramlıları Qarabağda təmsil olunsa da, danışıqlar prosesində Qərbin iştirakına qısqanclıqla yanaşır. İyunun 23-də Azərbaycana səfəri gözlənilən Lavrovun da gəlişi səbəbsiz deyil. Rusiya proseslərdən uzaq qalmamağa çalışır.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirdi ki, hazırda Rusiyanın prosesdən uzaq qaldığını təsdiqləyəcək heç bir məqam yoxdur: " Çünki Rusiyanın istədiyi də Azərbaycan-Ermənistan münasibətlərinin indiki səviyyədə qalması, sülh müqaviləsi imzalanmadan, delimitasiya prosesi baş vermədən kommunikasiyaların açılmasıdır. Ermənistanda “QRU” (SSRİ silahlıq qüvvələrinin Mərkəzi Kəşfiyyat İdarəsi - MKİ) və “KQB”-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi – DTK) hələ də “mərkəz”ə xidmətini davam etdirən cəsus şəbəkəsinin təşkil etdiyi “etiraz aksiyaları” da Kremlin prosesi ən azı Ukrayna ilə bağlı vəziyyət gün işığına çıxanadək dondurulmasında maraqlı olduğunu təsdiqləyirdi. Amma aksiyalar gözlənilən effekti vermədiyi üçün səngidi, lakin Paşinyan hakimiyyətinin və Moskvanın müəyyən zaman kəsiyində bəhanələr gətirmələri üçün “işə yaradı”.
Lavrovun Azərbaycana səfərinə gəldikdə isə, politoloq bildirdi ki, onun gəlişinin nə sülh müqaviləsinin imzalanmasına, nə də delimitasiya prosesinə hər hansı bir formada təsir göstərəcəyini gözləmirəm: "Kreml üçün hazırda vacib olan məqam kommunikasiyaların açılmasıdır. Ermənistan bu vəziyyətdən öz maraqları üçün yararlanmağa, vaxtı uzatmağa və Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışır. Rəsmi Bakı bunu çox yaxşı başa düşdüyü üçün pressinq siyasətini davam etdirir və atəşkəs qarşılığında əldə olunan yazılmış və yazılmamış razılaşmaların yerinə yetirilməsini istəyir".
E.Mirzəbəyli bildirrdi ki, bu baxımdan, Lavrovun “qovluğunda” nələrin olmasından asılı olmayaraq, Azərbaycan əldə edilmiş razılaşmaların yerinə yetirilməsi ilə bağlı prinsipial mövqeyindən geri çəkilməyəcək: " Bu səbəbdən, Rusiya xarici işlər nazirinin bu səfərdən nəticə hasil edə biləcəyinə inamıram".
Banu,
SİTAT.İNFO