Ermənilər elə bilir ki, Xankəndi "toxunulmaz"dır: Əsla...

07:51 21 İyun 2022

"Son zamanlar şimal qonşumuzda, özü də rəsmi və qeyri-rəsmi şəxslər səviyyəsində Çar Rusiyasına məxsus ərazilərdən açıq şəkildə bəhs etməyə başlayıblar. Bir sıra hallarda Azərbaycana yönəlik də açıq və gizli eyhamların şahidi oluruq. Bizim sükutumuzu gördükləri halda, bəzən daha da irəli gedənlər tapılır. Məncə, artıq danışmaq vaxtıdır, özü də uca səslə. Necə ki, ərazimizdə elə keçmiş imperiyaların ssenarisi əsasında qurulan Ermənistan adlı oyuncaq dövlətlə bağlı dövlət başçımız səviyyəsində tarixi həqiqətlər davamlı şəkildə dilə gətirilir, konkret faktlara istinad edilir və revanşist meyillərə son verilməyəcəyi halda, Azərbaycana məxsus tarixi ərazilər uğrunda hərəkətə keçilə biləcəyi haqda xəbərdarlıqlar edilir". 

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. 

O, hesab edir ki, bu xüsusda növbəti xəbərdarlıqlar artıq Xankəndi ilə bağlı olmalıdır: "Bu mövzuda da bizim təmkinli davranışlarımız erməni separatçı-terrorçu qüvvələr, onların havadarlarında elə təəssürat yaradır ki, Xankəndi “toxunulmaz”dır və onlar mövcud status-kvonu qoruyub-saxlaya biləcəklər. Əsla belə olmamalıdır. Biz Rusiyada keçirilən hansısa sərgidən “Dağlıq Qarabağ” yarlığının yığışdırılmasına, yaxud “Stepanakert” adlı mundar adın əvəzinə, Xankəndi adının yazılmasına nail olmağımızla kifayətlənməməliyik. Ümumiyyətlə, Azərbaycan ərazisinə bağlı hansısa addımın atılması zamanı rəsmi Bakının icazə və razılığının alınması tələbini qoymalıyıq". 

E.Paşasoy vurğuladı ki, artıq azərbaycanlılarımn Xankəndiyə qayıdışından danışmaq vaxtıdır: "Bu günlərdə Azərbaycanın məcburi köçkünlərinin Zəngilandakı Ağalı kəndinə qayıdışından, Laçın şəhərinin tezliklə Azərbaycanın nəzarətinə veriləcəyindən bəhs edirik. İşğal dövründə Azərbaycanın Hadrut, Fərrux, Zabux kimi yaşayış məskənlərində qanunsuz olaraq məskunlaşdırılmış ermənilərin məsələsi günaşırı hansısa tədbirlərdə, yaxud digər müstəvilərdə gündəmə gətirilir, süni şəkildə. Eyni zamanda Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yaşayış məskənlərimizdəki süni məskunlaşmanı ört-basdır edilməsi istiqamətində cəhdlər davam etdirilir. Amma heç bir auditoriyalarda Xankəndi azərbaycanlılarının öz evlərinə qaytarılması barədə müzakirə getmir. Niyə? Bəlkə hayların dədə-babaları xan olubmuş, xəbərimiz olmayıb? Tarixi mənbələr bütün arxivlərdə var, o cümlədən şimal qonşumuzda. XVIII əsrdə Qarabağ xanlarının istirahət məskəni olan Xankəndiyə ilk dəfə erməni və rusların ayağı Azərbaycanın bölüşdürülməsi prosesi başa çatdırılandan sonra dəydi. 1847-ci ildə Xankəndidə cəmi 80 erməni, 52 rus ailəsini məxsunlaşdırmışdılar. Amma 1923-cü ilin sentyabrında “Stepanakert” yarlığı yapışdırılan Xanın yurdunu erməniləşdirməyə girişdi sovetlər. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il məlumatına görə, Xankəndidən olan azərbaycanlıların sayı 12 024 nəfərdir. Kifayət qədər ciddi rəqəmdir. Hətta 1 nəfər olsa belə, onun öz evində yaşamaq hüququ tanınmalıdır. Söhbət Azərbaycan ərazisindən gedir...". 

Siyasi şərhçi Xankəndinin azərbaycanlı əhalisinin ata-baba yurdlarına qayıtması məsələsinin də Rusiya sülhməramlıları qarşısında qaldırılmalı olduğunu dilə gətirdi: "Digər tərəfdən reallıqlar var: Qarabağ məsələsi həll olunub, düşmən məğlub edilib. Elə isə biz niyə paytaxtımızın cəmi 329 km-liyində yerləşən Xankəndiyə gedə bilmirik? Nə vaxta qədər Xankəndi şəhərinə Şuşadan baxacağıq? Niyə Xankəninin 12 minlik əhalisi öz evlərinə dönməməli, öz əzizlərinin məzarlarını ziyarət etmək imkanından məhrum olmalıdır? Yaxud işğal olunan günədək Kərkicahan qəsəbəsinin - əslində Xankəndi inzibati ərazi vahidində şəhər tipli qəsəbədən söhbət gedir - əhalisinin sayı 2 min nəfər olub. Bəs, Kərkicahan əhalisinin qayıdışı niyə uzadılır? Azərbaycan ərazilərində süni yolla yerləşdirilən ermənilərə ürəyi yananlar niyə Ermənistandan qaçqın, Qarabağdan köçkün düşən azərbaycanlıların taleyi ilə maraqlanmır? Bütün bu suallar heç şübhəsiz ki, bölgədə təhlükəsizliyə cavabdehlik funksiyasını icra edən Rusiya sülhməramlı qüvvələrinə, yuxarı komandanlığa yönəlib. Nə vaxta kimi sülhməramlılar bizim Ağdərədən keçərək Kəlbəcərə, Ağdamdan keçərək Şuşaya, Xankəndiyə getməyimizə əngəl olacaqlar? Bir ovuc erməninin Ermənistana gediş-gəlişi üçün dəridən-qabıqdan çıxırlar, amma azərbaycanlı məcburi köçkünlərdən danışan belə yoxdur". 

Elşad Paşasoyun sözlərinə görə, hazırda sülhməramlılar iki xalq arasında münasibətləri formalaşdırmaqdansa, daha böyük sədd çəkirlər: " Xatırlayırsınızsa, 44 günlük müharibənin son günlərində Xankəndidə erməni qalmamışdı, süni şəkildə məskunlaşdırılmış ailələrin Ermənistana köçü başlamışdı. 10 noyabr bəyannaməsi imzalanandan sonra isə Rusiya sülhməramlıları xüsusi canfəşanlıqla erməniləri geri daşımağa başladı. Hətta Azərbaycan Prezidenti də bu məqamı xüsusilə vurğulayıb iradını bildirmişdi. Ermənilərin sayını süni şəkildə artırmağı qarşısına məqdəd qoyan Rusiya sülhməramlıları niyə azərbaycanlı əhalinin öz evlərinə qaytarılması istiqamətində təşəbbüs göstərmir, bilmək olarmı? Niyə bircə dəfə də olsun azərbaycanlı zəvvarların rus sülhməramlıların müvəqqəti təsir dairəsində olan ərazilərinə səfərləri təşkil olunmayıb ötən 18 ayda? Kərkicahan 1991-ci ilin 28 dekabrında işğal olunan zaman əsasən yandırılmışdı, 150-dən çox, uşaq, qadın, qoca məhv edilmişdi. İnsanlarımızı qırıb-çatanlar yurdumuzda sülənməkdə davam edir, amma onlara kimsə cəhənəm olun birdəfəlik demir. Məncə, artıq vaxt yetişib və bununla bağlı sülhməramlıların komandanlığı ilə danışılmalı, qarşılarına tələblər qoyulmalıdır. Deyək ki, bir çox yaşayış məntəqələrimiz dağıdılıb, Xankəndidəki evlər ki salamatdır. Qeyd edək ki, Azərbaycan ordusu da müharibə zamanı yaşayış evlərini hədəf almayıb. Elə isə niyə azərbaycanlılar öz evlərinə qaytarılmır? Sülhü, təhlükəsizliyi qorumaq istəyirlərsə, o halda buyursunlar Xankəndidə birgəyaşayışı təmin etsinlər, özləri də məhz ermənilərin və azərbaycanlıların birgə yaşadığı məntəqələrdə asayişi qorusunlar. Əks halda, azərbaycanlılar və ermənilər arasında sədd çəkilməsi sülhə aparmır. Əgər belə davam edəcəksə, Azərbaycan sülhməramlılarsız Xankəndi və digər ərazilərə öz əhalisini qaytarmalı olacaq. Məsələn, Bakıda yaşayan 30 min erməninin təhlükəsizliyini rus sülhməramlıları qorumur ki. Qarabağda isə toplam 25 min erməni yaşayır. Bu məntiqlə Xankəndidə yaşayacaq erməni və azərbaycanlıların təhlükəsizliyini də Azərbaycanın müvafiq orqanları yüksək səviyyədə qoriya bilər. Seçim sülhməramlılarındır...". 

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti