Çatlar dərinləşir! ABŞ və Böyük Britaniya Aİ-yə qarşı: Fikir ayrılığı soyuq müharibəyə çevrilə bilər...

07:32 21 İyun 2022

Rusiya-Ukrayna müharibəsi davam edərkən Qərb cəbhəsində də parçalanma dərinləşməkdədir. Müharibənin ilk ayında sinxron hərəkət edən ABŞ və kollektiv Qərb daha sonra enerji böhranının kəskinləşməsi ilə fikir ayrılıqlarına yuvarlandı. Artıq ABŞ və Böyük Britaniya cütlüyünə qarşı, Fransa, Almaniya, İtaliya və Aİ rəhbərliyi dayanmaqdadır. Birincilər müharibənin davam etməsinə çalışarkən, ikincilər verdikləri iqtisadi itkilərdən dolayı Rusiya ilə ortaq məxrəcə gəlinməsinə razıdırlar. Arrıq Avropada heç kimə sirr deyil ki, ABŞ müttəfiqi adlandırdığı dövlətlərin də zəifləyib, iqtisadi baxımdan özündən asılı vəziyyətə düşməsini hədəf qoyub.

Mövzunu Sitat.info şərh edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov da qeyd etdi ki, bu kimi hadisələr ötən əsrdə də baş vermişdi: "Həm Birinci Dünya Müharibəsindən, həm də  İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinin ABŞ-dan  iqtisadi və siyasi baxımdan hansı şəkildə asılı vəziyyətə düşməsinin tarixi göz önündədir.Avropa ölkələri bunu bir daha yaşamağa başlayıblar. Diqqət etsək görərik ki, Ukrayna proseslərindən öncə Böyük Britaniya Avropa İttifaqından könüllü şəkildə çıxdı və brexit prosesini yekunlaşdırdı. Düşünürəm ki, artıq Avropa ölkələri bu prosesin hansı məcrada davam etməsini anlıyırlar. Xüsusilə də İkinci Dünya Müharibəsindən çıxmış Avropa ölkələrinin iqtisadi baxımdan tənəzzülə uğramalarından sonra, ABŞ-ın Marşal planı ilə Avropa qitəsindəki ölkələrin iqtisadi baxımdan bərpa etməsi prosesini başlatsa da, əslində iqtisadi baxımdan həmin ölkələrin ABŞ-dan asılı vəziyyətə düşməsi prosesini reallaşdırdı".

Politoloq vurğuladı ki, bu gün də Ukrayna münaqişəsinə görə, Rusiya ilə Qərb dünyasının qarşıdurması prosesində Avropa ölkələri yenidən analoji prosesin yaşanılmasının şahidi olurlar: "Diqqət etsək görərik ki, Avropa ölkələri enerji baxımdan Rusiyadan müəyyən mənada asılı vəziyyətdədilər. Amma bu gün onların Ukrayna müharibəsinə görə ABŞ-la yanaşı Rusiya ilə qarşıdurmalara getmələri, artıq onların enerji problemi ilə üz-üzə qalmasını gətirib çıxardır.

Bunula bağlı müxtəlif vədlər verilsə də, hələ ki,  Rusiya qazına və enerji resurslarına alternativ olacaq yeni xətlərlə bağlı vədlərin yaxın illərdə reallaşması mümkünsüzdür. Bunu Avropa ölkələrinin rəhbərləri də bilirlər. Avropa qitəsi dünyanın həm siyasi, həm iqtisadi, həm hərbi, həm də digər istiqamətlərdə ən çox təşkilatlanmış regionudur. Bu təşkilatlanmış regionda artıq fikir ayrılığı olmasına şahid oluruq".

X.Bəşirov diqqətə çatdırdı ki, ABŞ-la Böyük Britaniya hazırda eyni prizmadan çıxış edirlər: "Onların mövqeləri birdir. Amma Fransa, Almaniya, İtaliya, Avropa İttifaqı rəhbərliyi daha çox öz əhalisinə və dövlətlərinə görə ciddi şəkildə narahatdılar. Bu narahatlıq gələcəkdə Ukrayna prosesinin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq,  ən azından yaxın dövrlərdə həmin dövlətlərin ciddi şəkildə enerji böhranı yaşamasına gətirib çıxaracaq. Bunu artıq açıq şəkildə dərk edən Avropa ölkələrinin rəhbərləri bu prosesdə ABŞ və Böyük Britaniya ilə fikir ayrılığı yaradıblar. Bu təbii bir proses idi. Hesab edirəm ki, Ukrayna ərazilərinə müdaxilə edən Rusiyanın ümidi də bu istiqamətdədir ki, gələcəkdə müəyyən zaman keçdikdən sonra bu fikir ayrılığı ciddi şəkildə dərinləşəcək və onlar arasında böyük uçurumun yaranmasına gətirib çıxaracaq. Məhz bu üsulla Rusiya müyyən mənada Avropanı siyasi və iqtisadi baxımdan parçalanmasına gətirib çıxaran bir addımın reallaşacağını hesab edir. Düşünürəm ki, burada təkcə Rusiya deyil, eyni zamanda bu prosesdə Rusiyaya müttəfiqlik edən  Çin kimi dövlətlər bu məsələdə ciddi şəkildə maraqlıdırlar. Onlar hesab edirlər ki, yaxın müddət ərzində Avropa ölkələri arasındakı fikir ayrılığı qarşıdurmaya çevriləcək. Bu da uzun illər ərzində soyuq müharibəyə və dünyanı idarə edən Amerika və Avropa İttifaqının parçalanmasına gətirib çıxaracaq".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti