"Rusiya-Ukrayna münaqişəsi dünya miqyasında mövcud olan və dərinləşməkdə olan bir çox problemlərin təkan almasına şərait yaratdı. Belə ki, dünya iqtisadiyyatında kəskin qeyri-tarazlıqlar daha açıq və qabarıq şəkildə görünməyə başladı".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisad üzrə elmler doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, uzun illər ərzində istər Aİ, istərsə də ABŞ iqtisadiyyatı maliyyə bazarının şişməsinə söykənən bir iqtisadi sistem hesabına öz nailiyyətlərini nümayiş etdirirdi: "Hazırda isə çox dərin struktur qeyri-tarazlıqları həm inflyasiya baxımından, həm sosial baxımdan Qərb ölkələrində günbəgün artmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda biz dünya iqtisadiyyatının, eləcə də dünya siyasi gündəminin yenidən formalaşmasının şahidi oluruq. Rusiya-Ukrayna müharibəsinin dərinləşməsi bu istiqamətdəki prosesləri trendə çevirəcək".
Sanksiyalara gəlincə, professor vurğuladı ki, sanksiyaların Avropaya daha çox mənfi təsiri oldu: "Enerji daşıyıcıları baxımından Avropa İttifaqının Rusiyadan asılılığı o dərəcədədir ki, faktiki olaraq Rusiya enerji daşıyıcılarının ixracatının məhdudlaşdırılması Aİ-də real iqtisadi sektorun kəskin tənəzzülünə gətirib çıxarar. Bu da Avropa İttifaqı iqtisadiyyatı üçün fəlakət deməkdir".
Sanksiyalardan dolayı Rusiyanın yaşadığı problemlərə toxunan E.Məmmədov bildirdi ki, texnoloji baxımdan müəyyən problemlər var: "Amma bu sanksiyalar səbəbindən Rusiyanın daxilolmaları ciddi şəkildə artıb. Bu da sanksiyaların Rusiya üçün ciddi nəticəsinin olmadığını göstərməkdədir"
Nigar Abuzər
SİTAT.İNFO