Büdcəyə yük olan qurumların özəlləşdirilməsi gündəmdə: Hansı risklər var...

12:13 24 İyun 2022

Azərbaycanda kommunal sektorda və xidmət sahələrində təbii inhisarçı olan dövlət qurumlarının fəaliyyəti, eyni zamanda dövlətdən külli miqdarda vəsait almasına rəğmən ziyanla işləməsi, kredit bataqlığında batması hər zaman narazılığa səbəb olur. İllərdir ki, "Azərsu", "Azərişıq", "Azərenerji", "Azəristiliktəchizat",  "Azəriqaz",  "AZAL", Azərbaycan Dövlət Dəmir Yolları Agentliyi və digər qurumların özəlləşdirilməsi və ya dövlətin mülkiyyətində qalmaqla uzunmüddətli icarəyə verilməsi mövzusu müzakirə olunur. Lakin konkret bir addımın atılmasının şahidi olmuruq.

Mövzunu Sitat.info üçün şərh edən iqtisad üzrə elmler doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov bu qurumların özəlləşdirilməsi fikri ilə razılaşmadı: 

"Azərbaycanda təbii inhisar subyektlərinin menecmentində, idarəçiliyində çox ciddi problemlərin möpvcud olması, bir sıra institutsional qərarların qəbul olunmasına səbəb oldu. Azərbaycanda investisiya holdinqi yaradıldı. Dövlət qurumları olan təbii inhisar subyektlərinin müşahidə şuraları yaradıldı. Etiraf etməliyik ki, hələ də təbii inhisar subyektlərinin faəliyyətində effektivliklə bağlı dayanıqlı müsbət trendlər zənnimcə yoxdur. Ona görə də, burada bir dilemma formalaşır ki, bu qurumların özəlləşdirilməsi daha məqsədəuyğun olardı, yoxsa onların  dövlət mülkiyyətində fəaliyyətini davam  etdirməsi. Amma o qurumların tam əksəriyyətinin məzmun cəhətdən fəaliyyəti onu deməyə əsas verir ki, onlar dövlət mülkiyyətində qalmalı, onların həm tarif siyasəti, həm də menecmenti dövlətin maraqları əsasında formalaşmalıdır".

Professor hesab edir ki, burada  söhbət özəlləşdirmədən getməməlidir: "Özəlləşmə faktiki olaraq çıxış yolu kimi qəbul olunmamalıdır. Dünya təcrübəsi də onu deməyə əsas verir ki, o tipli qurumların özəlləşdirilməsi bir çox iqtisadi, sosial, hətta siyasi problemlərə səbəb ola bilər. Ona görə də həmin qurumların idarəetməsinin təkmilləşdirilməsinə ehtiyac var. Həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyi, həm Hesablama Palatası bu qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı effektiv tədbirlərə əl atmalıdır".

E.Məmmədov vurğuladı ki,  eyni zamanda hüquqi-normativ bazanın təkmilləşdirilməsinə də ehtiyac var: "Bütün bunlarla yanaşı ictimai nəzarət mexanizmləri də olmalıdır. Həmin qurumların rəhbərləri idarəyə öz şəxsi obyektləri kimi yanaşmamalıdır. Effektiv ictimai və parlament nəzarətinin tətbiqi həmin qurumların dövlət qurumları kimi fəaliyyətinin qalması şərtilə bir çox problemlərin aradan qaldırılmasına xidmət edə bilər. O qurumların özəlləşdirilməsi çox dərin problemlərə səbəb ola bilər. Bu səbəbdən dövlət mülkiyyətində qalması vacibdir. Sadəcə şəffaflıq, effektivlik təmin olunmalıdır. Onlar necə problem yarananda dövlətdən maliyyə alırlarsa, eləcə də xərclərini müəyyənləşdirəndə dövlət qurumları ilə hesablaşmalı, ictimai nəzarətə də məruz qalmalıdırlar. Təəssüf ki, bu istiqamətdə çox böyük problemlər var, bu da həm həmin qurumların, həm də Azərbaycan iqtisadiyyatının problemlərinin dərinləşməsinə şərait yaradır".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti