"2 milyon erməninin ətrafında 130 milyon türk var, eyni vaxtda ayağımızı yerə vursaq..." Hərbi ekspert Ədalət Verdiyevlə MÜSAHİBƏ, VİDEO, FOTOLAR

07:20 29 İyun 2022

Sitat.info-nun növbəti qonağı hərbi ekspert Ədalət Verdiyev oldu. Saytın əməkdaşlarının Qarabağ, Xankəndi, sülhməramlılar, sülh danışıqları, Laçın dəhlizi, Rusiya-Ukrayna savaşı və sair mövzularda suallarını cavablandıran hərbi eksperlər maraqlı müsahibəni təqdim edirik.

- Ədalət bəy, bildiyiniz kimi Azərbaycan ictimaiyyətini rus sülhməramlıların varlığı da ən az ermənilərin mövcudluğu qədər narahat edir. Sülhməramlılar zamanında gedəcəkmi, yoxsa onların Qarabağdan çıxarılması da bizim üçün problem olacaq? 

- Rus kontingentinin son fəaliyyət tarixi bizə məlumdur. Bu müddət 2025-ci ilin noyabrın 9-unda gecə saat 12.00-da başa çatacaq. Erməni silahlılarının çıxarılmasına gəldikdə isə, əslində birgə bəyanatın 4-cü bəndinə görə bu paralel olaraq həyata keçirilməli idi. Yəni sülhməramlıların ərazidə yerləşməsi ilə paralel ermənilər çıxarılmalı idi. İlkin mərhələdə noyabrın 10-dan 30-na qədər, ilk 20 gündə 3 rayon - Kəlbəcər, Ağdam və Laçının və rəsmi olaraq açıqlanmayan Qubadlı və Zəngilanın 90-dan çox kəndləri Rusiya sülhməramlıları tərəfindən boşaldıldı və bizə təhvil verildi.  

Döyüşlər zamanı azad etdiyimiz ərazilərdən bir qədər kiçik ərazi, təxminən 40 faizi bizə rus sülhməranlıları tərəfindən qaytarıldı. Rusların bu istiqamətdə fəaliyyəti bizi qane edirdi. Amma sonrakı dövrlərdə sülhməramlıların erməni seperatçılarının ağzı ilə danışdığını, onları dəstəklədiklərini gördük. Rus ədiblərinə abidə qurmaq, xilaskar rus əsgərinə heykəl ucaltmaq və sair. Rus əsgəri bu günə qədər kimi xilas eləyib ki, ermənini də xilas etsin, kimdən xilas edir? Belə detallar ən başından bu günə qədər bizi narahat edir. Lavrovun verdiyi bəyanatda da tamamilə başdan sona qədər cəfəngiyyat səsləndirilmişdi.

- Maraqlıdır ki, bizimlə müttəfiqlik imzalayan bir dövlətin rəsmiləri seperatçıların dili ilə niyə danışır? 
- Ermənistan Rusiya ilə bu və ya digər şəkildə müttəfiqlik sazişi imzalayıb. Amma ortada  daha çox bir növ köləlik var. Bir dövlətin hərbi bazası digərinin ərazisində yerləşirsə, həmin dövlətin hərbi, siyasi, iqtisadi, diplomatik maraqlarını,  o bazanı öz ərazisində saxlayan dövlətlər nəzərə almalıdır. Yeri gələndə göstərişlərini də yerinə yetirməlidir. Çünki onun sərhədləri qoruyur, təhlükəsizliyini təmin edir. 2 milyon erməninin ətrafında 130 milyon türk var. Onlar eyni vaxtda ayağını yerə bərk vursa,  ermənilərin ürəyi gedəcək. Rusun orada niyə oturduğunu hamı bilir. Ona görə də bu prosesə ayrı kontekstən baxmaq olmur.

- Amma Rusiya indi Ermənistandan daha çox erməni separatçılarına havadarlıq edir...

- Rusiyanın ermənilərin deyil, seperatçıların dili ilə danışması bizi incidir. Bunu biz müharibədən sonda biri-birindən ayıra bilmişik. Yəni, Sarksyan ilə Paşinyan arasında narazılıqlar yaranıb, bunu da efirdə gördüyümüz mitinqlər sübut edir. Kilsə ilə diaspora, pul ayıran və pul toplayanlar arasında narazılıqlar əmələ gəlib. Bəzən də bu qırılmalara gətirib çıxarır.

Məsələn bu gün məlum oldu ki, Ermənistanda mitinqə başlayan Vətən partiyasının rəhbəri istefa verib. Yəni anladı ki, bu mitinqlə 3-5 min iinsanla  məsələni həll etmək olmaz. Belə olan halda biz erməni silahlılarının nə zaman çıxarılması sualına belə cavab verə bilərik. Nə vaxt ki, rus sülhməramlısı ərazidən çıxacaq, həmin gün və ya ondan 1 gün əvvəldən erməni silahlısı orada qalmayacaq. Bu gün erməni silahlılarının rus sülhməramlılarının nəzartində olan ərazilərdə qalmasına zəmanət verən qüvvə, qarant verən ölkə bir mənalı olaraq Rusiyadır, rus sülhməramlılarıdır. 

 

- Bəs, Laçın nə zaman tam şəkildə Azərbaycanın nəzarətinə qayıdacaq ?

- Laçın şəhərində vəziyyət bir qədər fərqlidir. Buradan onlar daha tez çıxacaqlar. Çünki birgə bəyanatın şərtlərinə görə 3 ilə qədər Azərbaycan alternativ yolu rus sülhməramlılarına təqdim edir, rus sülhməramlıları da o yola Laçın dəhlizində olan infrastrukturu köçürürlər. (kazarmalar, postlar, nəzarət, buraxılış məntəqələri və s. köçürüləcək). Köçürülmə başlayanda görəcəksiniz ki, Zabux dərəsi, Laçın rayonu və dəhliz boyu olan erməni silahlıları, onların  ailə üzvləri  elə də çox deyil. Təxminən 50 ailə, 200-ə yaxın erməni olduğu iddia olunur.
Biz burada ailə deyəndə biraz fərqli yanaşmalıyq. Qardaş, ata, oğul əlində silah - bu da ailədir. Ailə deyəndə, onlar maskalanmaq üçün bu ifadədən istifadə edirlər. 200-ə qədər erməni silahlısının neçəsinin qadın, uşaq, gənc və s. olduğunu deyə bilmərəm. Biz Maral Nacaryanı saxlamışdıq, o qadın Livan ermənisi idi,  snayper olduğu iddia olunurdu. Ermənistanda boş evlər olduğu halda  Livan əhalisi nəyə görə Azərbaycan ərazisində yerləşməlidir? 
Bütün proseslər Rusiyaya bağlıdır.   Rusiya onları çıxarmalıdır, amma bunu edə bilmir, onların dili ilə danışmağa məcburdur. Çünki lazım olanda ermənidən ruslar istifadə edəcək. Rusiyanın nüfuzu Ermənistanda çox aşağı səviyyədədir. Son mitinqdə belə bir şəkil var idi ki, erməni gənci əlində plakat tutur, bu plakatda da rus dilində belə yazılıb: "Mənim  müttəfiqimdən dəhşətli düşmənim yoxdur". Bu Rusiyanın ünvanına yazılıb. Plakat mitinqin ruhunu, tələbini özündə əks etdirən bir vasitədir". 

- Proseslərin uzanması bizə  nə vəd edir? Çünki hər iki tərəfin danışıqlar adı ilə prosesi daha uzun zamana yaymağa çalışdıqlarını müşahidə edirik...
- Ümumilikdə  götürdükdə, müqavilənin müddətini uzatmaq Azərbaycanda  üçün heç bir optimist vəziyyət yaratmayıb. Rusiya və Ermənistan, özlərinə düşən vəzifələri icra etmir. Hər iki tərəf həm sərhəd məsələsinə, həm də  erməni silahlarının çıxarılmasına soyuq yanaşır. Ağır silahları ön xətdən yığdılar, amma iki məntəqədə topladılar. Biri Xocalıya yaxın, biri də  Şuşa ilə Xocalı arasında  yerləşən bir əraziyə. Təxminən birində 95-ə yaxın texnika var idi. Ciddi silah olmasalar da insanlara qarşı təhlükə yaradacaq formada istifadə etmələri mümkündür. 

"Ermənilər birgə bəyannaməyə əməl etməsələr, başlarına vurub məcbur etdirəcəyik"

- Proses daha da uzansa, Azərbaycanın cavabı necə olmalıdır? 
- İmzalanan sənədlərə əsasən Rusiya və Ermənistan öhdəliklərini yerinə yetirmirsə,  Azərbaycan da bu birgə bəyanatdan nəinki çıxa bilər, raharlıqla  bir bəyanat verməklə 9 noyabr tarixinə qayıdarıq . 8 noyabrda Şuşada bayrağımız dalğalanırdı, 9 noyabrda 72 kənd və 8 yüksəklik bizim nəzarətimizə keçdi. Proses həmin yüksəkliklərdən davam edər, noyabrın 10-u artıq həmin bəyanatın ləğv edildiyi gün olar. Bu Ermənistan və Rusiya üçün fiasko vəd edir. 
Müəyyən narahatlıqlarımız olsa da, biz bunu dilə gətiririk ki,  gələcəkdə proseslərin inkişaf tempi, istiqaməti imzalanan bəyanata uyğun olsun. Qarabağ məsələsinə kilidlənib qalmaq olmaz. Əməl etməsələr, başlarına vurub məcbur etdirəcəyik. 
Növbəti hədəflərimiz, Qərbi Zəngəzur, Zəngəzur dəhlizi olmalıdır, bunlara söykənməliyik.  Bizdə ekspert, vətəndaş nə danışırsa, erməni mediası bizim arxamızca düşməyə məcburdur. Çünki onlar artıq özlərinə inanmırlar. 30 ildir deyirdilər ki, Böyük Ermənistan, qəhrəman erməni generalları, dənizdən dənizə Ermənistan, artıq bu  ideyalar yoxdur yoxdur.  Hadisələrin formatı bizim maraqlarımıza uyğun, amma müəyyən çətinliklərlə müşayət olunmaqda davam edir". 

Biz Laçın dəhlizini 4 günə verdik, Zəngəzuru 18 aydır gözləyirik. Bu ədalətsizlik, haqsızlıqdır

- Dövlətlər razılaşarsa, xalqlar arasında da münasibət düzələcəkmi? Yoxsa bunun üçün çox uzun zamana ehtiyac var? 
- Bu münaqişələrin etnik kökü var. Misal çəkə bilərəm ki, əgər Avropanın mərkəzində bir azərbaycanlı və bir erməni Qarabağ üzərində mübahisə edirsə deməli bu hərbi münaqişə deyil. Hərbi münaqişə də əsgərlər savaşar, xalqlar baxar , kim qalib, kim məğlub olarsa, xalq da bunu qəbul edər. Burada bir etnik kök var. Genetik olaraq 100 il əvvəl başverən müharibə, 1-ci, 2-ci Qarabağ müharibəsi və s. Xalqımızın qan yaddaşınao qədər  işləyib ki, artıq xalqımız birgə yaşayışı düşünmək istəmir. Ona görə bu proses çətindir. Dövlət olaraq bizim qayıtmağımız çətin olmaz, amma burada təhlükəsizlik məsələləri var. Erməni silahlıları oradan çıxmayana qədər mən də istəmərəm vətədaşım, qızım, gəlinim oraya qayıtsın. 
Etnik münaqişələri İngiltərə 600 ildir həll edə bilmir, şotland , irland hərəsi öz bayrağı ilə futbol oynamağa gedir. Pulu ingilsdən alırlar, amma futbol vaxtı öz bayraqlarını qaldırırlar. Digər ölkələrə baxdıqda biz indiki vəziyyətdə daha üstünük. Çünki ortada imzalı bir sənəd var orada da etiraf olunub ki, ermənilər məğlubdur, 3 rayonu özləri boşaldır, dəhliz açırlar, biz də onlara yol veririk. Biz onlara  birgə bəyanat imzalanandan 4 gün sonra yol verdik.

Sonra Laçın dəhlizini noyabrın 14-də rus sülhməramlılarının və Ermənsitandan Xankəndiyə gəlib-gedəcək əhalinin istifadəsinə vermişik. Amma Zəngəzuru 18 aydır gözləyirik. Bu ədalətsizlik, haqsızlıqdır. Cənab prezidentdə son çıxışında bunu təsdiqlədi. Mən də qeyd edirəm ki, bizim səbrimiz 30 il gözləməyə yetməz. Sülh müqaviləsinin imzalanmasına bir il müddət qoyuldu. Çox böyük bir işdir. İntensiv bir şəkildə fəaliyyət olarsa bunu yekunlaşdıra bilərik. Olmazsa Azərbaycanın itirəcəyi birşey yoxdur. Ya xoşluqla icra edəcəksiz,  ya da başınıza yumruğu vuracaqlar,  məcbur olaraq icra edəcəksiniz. Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında və s. qoyub qaçdılar. Zaman-zaman çox hadisələr baş verib. Erməni tərəfi bunun ağrı-acısını hiss edir. Biz də münaqişənin olmasını istəmirik. Artıq Qafqaz qandan doyub. Amma əlac olmayanda,  əks tərəf öhtəliklərini yerinə yetirməyəndə çıxılmaz vəziyyət yaranır". 

Qalib tərəf öhtəliklərinə əməl edir, məğlub tərəf məsələni uzatmağa çalışır

- Xankəndiyə nə zaman gedəcəyik, Ədalət müəllim?
- Azərbaycan xalqı sosial sifariş kimi bildirir ki, mən Xankəndimə, Xocalıma qayıtmaq istəyirəm. Biz erməniyə icazə verdik ki, İrəvandan gəlib Xankəndiyə qayıtsın, bizim vətəndaş da qayıtmalıydı. Bunu isə rus sülhməramlıları, BMT-nin qaçqınlar üzrə komitəsi etməliydi. Vətəndaş olaraq düşünürük ki, imza varsa yerinə yetirilməlidir. Qalib tərəf öhtəliklərinə əməl edir, məğlub tərəf məsələni uzatmağa çalışır. Buna bizim səbrimiz çatmaz. Qarabağın konturları daxilində, Ermənistanla sərhəddə görüləcək işlər çoxdur. Biz ora əhalini qaytara bilməsək,  yenidən qurma işləri də ləngiyəcək. 50-100 il bunu gözləyə bilmərik. 5 il ərzində həll olunmazsa, cənab prezidentin verdiyi müddət başa çatdıqda, ya düşmən tərəfdən müsbət addımlar olacaq, ya da ki, bunları etməkdən ötrü adekvat addımlar atılacaq. Seçim bizdə deyil, onlardadır. Biz müharibə istəmirik. Onlar müharibə istəyirsə, bunu alacaqlar.

- Onların müharibə edəcək gücü varmı? 

- Ordularının komplekt olduğu vaxt nə edə bilmişdilər? Heç nə! 2 saatdan sonra ön xətt yarıldı və getdik Şuşada dayandıq. Ordusunun yarıcan olduğu halda durub həm say, həm də texnika baxımından 2 dəfə artan Azərbaycan ordusunun  qarşısında dayana bilməzlər. Bu iki ildə Rusiya 2 milyon pul söz vermişdi, o da söz olaraq qalır. Hansısa şərtlər yerinə yetirilməlidir ki, məbləğ ayrılsın. Döyüşəcək nə beyin, qüvvə, nə də silah yoxdur. Müəyyən silah var, amma mənəvi psixoloji vəziyyət o silahı Azərbaycana qarşı çevirməyə imkan vermir. Biz Qarakilsədə ki, göstərdik nəyi necə edə bilərik. Ona görə də bir il də gözləyək, hadisələri izləyək. Düşünürəm ki, istənilən halda hər şey gec ya tez bizim xeyrimizə mütləq həll olunacaq. Maksimal son, 5 ilin sonudur.  Rus sülhməramlılarının ləngiməsi ilə fəaliyyətlər fərqli istiqamətdə gedə bilər, amma bundan ötrü hazırda heç bir göstəriş yoxdur.  Nə xalq bunu arzu edir, nə də mütəxəssislər.  Rusiyanın burada qalmasını cəmiyyətimiz uyğun hesab etmir . Ümumiyyətlə yazılan, paylaşılan bəyanatları da izləsək, Azərbaycan sülhməramlılardan narazıdır. Bunu əminliklə deyə bilirik.


Safura Bənnayeva

SİTAT.İNFO




Xəbər xətti