Rusiya ilə Ukrayna arasında gedən müharibə 5-ci aya keçdi və hələ ki, tərəflərin bir araya gəlib, atəşkəs imzalaması istiqamətində cəhdlər hiss olunmur. Rusiya işğal etdiyi əraziləri saxlamaqda qərarlıdır, Ukrayna isə ərazi güzəştinə getməməkdə israrlıdır. Belə olan halda ortaq nöqtə ancaq 24 fevrala qədərki şərtlər ola bilər. Bəs görəsən, tərəflər bu qədər itkilərdən sonra 4 ay öncəyə qayıtmağa hazırdırlarmı?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğuladı ki, Ukraynanın bu danışıqlarda əsas şərtlərindən biri Rusiyanın 24 fevraldakı vəziyyətə qayıtması və bundan sonra danışıqlara başlamaqdır: "Bu da o deməkdir ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxacaq və Ukraynanın ərazi bütövlüyü şərtilə Rusiya ilə danışıqlar aparıb Kremlin də müəyyən təkliflərini qəbul etmək istiqamətində müəyyən bir razılaşma əldə edə biləcək. Amma Rusiya bir dövlət kimi bunu özünə sığışdırmır.Bunu özü üçün bir kiçiltmək kimi başa düşür".
Partiyta sədrinin sözlərinə görə, Rusiya çalışır ki, hərbi səhnədə əldə etdikləri üstünlük üzərində bir siyasət aparsınlar: " Necə ki, ermənilər əlavə olaraq 7 rayonu işğal etdikdən sonra Xankəndi iqtisadi zonası ilə bağlı iddialarını sərtləşdirdilər. Daha ardıcıl və birmənalı şəkildə Azərbaycan ərazilərini qoparmağa cəhd etdilər. Əgər indi də Ukrayna Rusiyanın şərtləri daxilində, yəni indiki hərbi vəziyyət üzərindən danışıqlara getsə, mütləq Krımı və başqa əraziləri də itirməli olacaq. Ona görə də, Ukrayna heç bir halda indiki şərtlər çərçivəsində danışıqlara getməməlidir".
S.Cəlaloğlu vurğuladı ki, Rusiya 24 fevraldakı mövqeyinə qayıtdıqdan sonra isə danışıqlara getmək olar: "Bu zaman Ukraynanın NATO üzvlüyündən imtinası, demilitarizasiya məsələsi müzakirə oluna bilər. Əlbəttə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə böyük dövlətlərin təminat verməsi ilə. Bu münaqişə o zaman öz həllini tapar. Burada əsas məsələ Ukrayna ilə Rusiyanın mövqeyidir. Rusiya özünün işğalçılıq mövqeyindən əl çəkmir, Putin SSRİ-ni bərpa etmək ideyasını ardıcıl olaraq gündəmdə saxlayır. Hətta son vaxtlar başqa ölkələrlə atdığı addımlarda da bu ideyanın həyata keçirilməsi istiqamətində ardıcıl siyasət aparır. Ona görə də mən düşünmürəm ki, bu şərtlər daxilində Rusiya ilə Ukrayna arasında atəşkəs imzalansın".
Ləman,
SİTAT.İNFO