Hər bir ölkənin iqtisadiyyatının əsas dayağı kiçik və orta sahibkarlıq hesab olunur. Həm ölkədə işsizliyin azalmasında, həm istehsalın artmasında, həm də inhisarçılıqla mübarizədə kiçik və orta sahibkarlığın rolu mühümdür. Ancaq çox zaman ölkə iqtisadiyyatındakı fundamental və institutsional problemlər kiçik və orta sahibkarlığı inkişaf etməyə qoymur. Bu zaman dövlət əlindəki imkanlardan onların xeyrinə istifadə edir. Bu iqtisadi alətlərə əsasən dövlət sifarişi ilə satınalmalar daxildir. Xarici təcrübədə də kiçik və orta sahibkarlığın inkişaf etdiriləmsində əsas variant dövlət satınalmalarıdır. İri sahibkarların kifayət qədər bazarı, iqtisadi dayağı var. Əsas məsələ kiçik var orta sahibkarlığın inkişafına yönəlik olmalıdır. Bəs Azərbaycanda bu sahədə hansı tədbirlər görülür?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı Əkrəm Həsənovun fikrincə, Azərbaycanda satınalmalar düzgün formada keçirilmir: "Ümumiyyətlə Azərbaycanda dövlət satınalmalar haqqında qanuna görə məbləği üç milyona qədər olan satınalmalarda məhz orta və kiçik sahibkarlıq subyektləri iştirak etməlidir. Əsasən də belə olur. Amma əksər hallara bu kiçik və orta sahibkarlıq subyektləri də məhz iri sahibkarlarım təsis etdiyi şirkətlər olur. Dövlət satınalmaları zamanı Azərbaycanda bir qayda olaraq qabaqcadan razılaşdırılmış şirkətlər "qalib" olur. Çünki dövlət satınalmalar haqqında qanun özü bərbad vəziyyətdədir. Satınalmalar qeyri-şəffaf keçirilir, satınalma portalında məlumatlar yerləşdirilmir".
Ə.Həsənov vurğuladı ki, dövlət satınalmaları ilə bağlı növbəti il üçün illik planlar ilin sonunda yerləşdirməlidirlər, amma bu yoxdur: " Müəyyən məbləğdən yuxarı satınalmalar elektron formada şəffaf olmalıdır. Bunların heç birinə riayət olunmur”.
İqtisadçı bildirir ki, şirkətlərin sahibləri gizli saxlanılır: “Paralel olaraq da Azərbaycanda kommersiya hüquqi şəxslərin dövlət reystrində onların sahibləri haqqında məlumat qapalıdır. Yəni hansı şirkət kimə məxsusdur, bunu bilmirik. Kimsə tenderdə qalib olursa, bəlkə də o böyük bir şirkətin sahibidir. Əlavə olaraq da bu tender üçün bu şirkəti təsis edib. Formal olaraq orta və kiçik sahibkarlıq subyektləri qalib gəlirlər, amma faktiki olaraq onlar da iri bizneslərə məxsusdur. Problemimiz məhz bundadır - qeyri- şəffaflıq. Bu problem aradan qaldırılmalıdır”.
Lamiyə Xəqani,
SİTAT.İNFO