"Böyük yeddilik" toplaşdı, danışdı, dağılışdı: Ukraynanın taleyini dəyişəcək qərar niyə olmadı?

14:19 28 İyun 2022

“Böyük yeddilər”in zirvə toplantısı bir daha sübuta yetirdi ki, G7-yə daxil olan ölkələr arasında Rusiya ilə bağlı hələ də fikir ayrılıqları var və sammit öncəsi ABŞ-ın təşəbbüsü ilə verilən vədlər hələlik söz olaraq qalmaqdadır". 

Bu fikirləri politoloq Elçin Mirzəbəyli Sitat.info-ya açıqlamasında səsləndirib. 

Onun sözlərinə görə, sammitin Ukrayna üçün tarixi əhəmiyyət daşıdığı barədə gözləntilər özünü doğrultmadı: "Mahiyyət etibarilə, daha öncə səsləndirilən fikirlər yenidən dilə gətirildi, yeni heç nə deyilmədi. Zələnskinin videoəlaqə vasitəsilə çıxışı ənənəvi qaydada yayımlanmasa da, onun sanksiyaların gücləndirilməsini, Ukraynaya daha çox silah, o cümlədən Hava Hücumundan Müdafiə Sistemləri göndərilməsini istədiyi bildirilir. Diplomatik mənbələrin verdiyi məlumara görə, Ukrayna prezidenti müharibənin qışda başa çata biləcəyini vurğulayıb". 


E.Mirzəbəyli qeyd etdi ki, G7-nin yekun bəyanatında Ukraynaya dəstək veriləcəyi və bu kimi fikirlər yer alsa da sanksiyalarla bağlı konkret qərar elan olunmadı: " Yəni sammitdən öncə Rusiyadan qızıl alışına embarqo qoyulacağı barədə qərar təxirə salındı, Rusiyadan neft alışının minimuma endiriləcəyi barədə ABŞ-ın təşəbbüsü mahiyyət etibarilə dəstək qazanmadı. Əvəzində isə, G7 liderləri Çinin inkişaf etməkdə olan ölkələr üzərində təsirinin saxlanılmasına, “Bir kəmər, bir yol” layihəsinə dəstək veriləcəyi, bu ölkənin iqtisadiyyatına böyük investisiyalar yatıralacağı, hətta infrastruktur layihələrinin dəstəklənməsi üçün “İnfrastruktur layihələrinin dəstəklənməsi” fondunun yaradıla biləcəyi yekdilliklə qeyd olundu. Belə bir təəssürat yarandı ki, Ukraynanın dəstəklənməsinə həsr olunan sammit, əslində Çin üçün daha faydalı olub". 

Politoloq hesab edir ki, bu sammitdə müharibənin gedişini dəyişəcək bir qərar olmadı: "Bu baxımdan, G7-nin sammitinin Ukraynanın taleyində hər hansı bir rol oynamayacağını gözləyirəm. Digər tərəfdən, düşünürəm ki, Rusiya və Ukrayna ilə bağlı qərarlar Madriddə, NATO-nun zirvə toplantısında verilə bilər".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti