Yay mövsümünün gəlişi ilə bağlı turizm mövsümü də start götürüb. Bir yandan quru sərhədlərinin bağlı olması, digər yandan təyyarə biletlərinin baha olması, insanların əksəriyyətini daxili turizmin imkanlarından faydalanmağa məcbur edir. Lakin, problem də elə buradan başlayır. İstər Bakının müxtəlif istiqamətlərində, istərsə də rayonlarda fəaliyyət göstərən turizm obyektləri kifayət qədər baha qiymətə xidmətlər təklif edir. Bu bahalıq, eyni zamanda xidmət səviyyəsinin aşağı olması insanları narazı salır. Ötən illərlə müqayisədə müəyyən qədər tələbatın artması qiymətlərə də ikiqat təsir göstərib. Bəs görəsən, insanları hazırki durumda daxili turizmdən bu qədər bezdirmək doğrudurmu və buna çıxış yolu nədir?
Niyə qiymətlər bu qədər bahadır? Qiymət artımının obyektiv və subyektiv səbəbləri varmı?
Mövzu ilə bağlı sualları Sitat.info-ya açıqlamasında səsləndirən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, Müzəffər Ağakərim bildirdi ki, ümumiyyətlə turizmdə tənzimlənmə aparılmalıdır: "Tənzimləmənin yolları var. Bunu mütəxəssislər edə bilər. Bunun üçün mütəxəssislərin dəyirmi masası təşkil olunmalıdır. Quru yollarının açılmamasının əsl səbəbi aydınlaşdırılmalıdır. İctimaiyyətə qaranlıq qalan məqam olmamalıdır. Bir tərəfdən turizmi inkişaf etdirib, digər tərəfdən təyyarə biletlərinin və ya daxili turizmə aid olan obyeklərin qiymətləri artırması nə dərəcədə məqsədəuyğundur? Bütün bunların müzkirəsi aparılmalıdır. Bu məsələlər həll olunmayana , qədər açıq-aşkar diskusiya aparılmayana qədər bu məsələ qaranlıq qalacaq".
M.Ağakərim vurğuladı ki, turizm sektorunda qiymət artımlarının subyektiv səbəbləri daha çoxdur: "Turizm sektorunda çalışanlara vergi güzəştləri olmalıdır. Onlar vergidən azad olsalar, daha çox müəsisələr inşa edə bilərlər və rəqabət genişlənər. Həm də daha çox insan faydalana bilər. Həm restoran biznesində, həm də otel biznesində rəqabət zəifdir və qiymətlər yalnız imkanlı təbəqənin cibinə uyğundur. Məsələn, biz deyirik ki, Bulvarda və İçəri Şəhərdə qiymətlər çox bahadır. Bununla bağlı bəzi qurumlara müraciət edəndə isə cavab verirlər ki, bazar iqtisadiyyatıdır, biz təsir edə bilmərik. Ancaq bu şablon cümlə ilə danışırlar. Halbuki, bazar iqtisadiyyatı dövründə 1984-cü ildə Finlandiyada keçiriləndə təcrübə mübadiləsi keçirəndə, orada 3 tipdə obyektlər fəaliyyət göstərirdi. Aztəminatlı insanlar, orta təbəqə üçün və yüksək təminatlı insanlar üçün. Kim hansı dükana girirsə, öz istədiyini alırdı. Hal-hazırda Bulvarda və İçəri Şəhərdə də 3 tipdə iaşə obyektləri fəaliyyət göstərməlidir. Yəni aztəminatlı insanlar da bulvarda oturub çay içə bilsinlər, orta təminatlı da, çox imkanlı da. Bunu etmək elə də çətin deyil".
M.Ağakərimin sözlərinə görə, bu məsələ bazar iqtisadiyyatının əsas prinsiplərindən biridir: " Bu infrastrukturu həmin qurumların rəhbərləri yaratmalıdır. Yoxsa bir növ hazır cavab kimi "bazar iqtisadiyyatıdır, biz heç nə edə bilmərik" demək lazım deyil. Hər şey etmək mümkündür. Tənzimləmə yolu ilə hamısını yoluna qoya bilərlər. Britaniyanın baş nazirinin fəaliyyətinə baxsaq görərik ki, hakimiyyətə gələndən sonra bəzi sahələri dövlətin əlindən aldı və tənzimlənmə apardı. Britaniyanı daha güclü dövlətə çevirdi. Bazar iqtisadiyyatını özbaşına buraxmaq olmaz. Qiymətləri tənzimləmək və rəqabət yaratmaq üçün dövlət qurumları nəzarət etdikləri sahələrdə elə şərait yaratmalıdırlar ki, aztəminatlı insanları da qəbul edəcək müəssisələr olsun. Eyni zamanda orta təbəqəni də, yüksək təbəqəni də".
Səid İsaoğlu,
SİTAT.İNFO