Paşinyanın bugünkü açıqlaması mətbuatda geniş müzakirə olunub. Belə ki, Paşinyan bu açıqlamasında alternativ yolun çəkilməsindən sonra Laçın rayonunun Azərbaycana təhvil veriləcəyini deyib. Eyni zamanda deyib ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti" istisna olmaqla digər ərazilər qaytarılacaq. "Dağlıq Qarabağ Muxtar Vilayəti" ifadəsi də Azərbaycan tərəfində qıcıqla qarşılanıb. Paşinyan yenə də status məsələsində israrlı olduğunu göstərməyə çalışıb. Amma Azərbaycan tərəfinin də bu məsələdə mövqeyi qətidir. Hər hansı statusdan söhbət gedə bilməz. Paşinyanın çıxışı həqiqətən status əldə etməyə hesablanıb yoxsa, Ermənistan cəmiyyətini sakitləşdirməyə və yeni veriləcək ərazilərə görə daxili müqaviməti qırmağa hesablanıb?
Paşinyan kommunikasiyaların açılmasını istədiyini və Azərbaycanın Ermənistan blokadadan çıxmasın deyə prosesi gecikdirdiyini deməsinə səbəb nədir?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, biz hərb istəmirik, amma hərbə hər zaman hazırıq. "Bu zərb məsəl dövlətlərin bir çoxunun hərbi doktrinasında özünə yer tapmış fikirdir. Azərbaycan həqiqətən də müharibə istəmir, regionda əmin-amanlıq olmasını istəyir. Amma qarşı tərəf əgər kapitulyasiyanı qəbul edib sülh sazişi imzalamaq istəmirsə, əvvəl vəd verdiyi kommunikasiyaların açılması ilə bağlı cığallıq edirsə, sərhədlərin delimitasiyası ilə bağlı iki qrup yaradıb onun iclaslarının keçirilməsinə şərait yaratmırsa, bölgədə sülh sazişi üzərində işləmək üçün işçi qrupun tərkibini təsdiq etmirsə, Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə verdiyi vədlərin üstündən çox asanlıqla keçə bilirsə, daha çox Moskva ilə məsləhətləşib onun təlimatlar ilə işləyirsə, bu zaman Azərbaycan nə etməlidir? Azərbaycan onlara xəbərdarlıq edib bildirməlidir ki, bu cür təkəbbürlü və saymazyana münasibət əvvəl-axır bölgədə müharibə yarada bilər. Azərbaycan, öz ordusunun 44 günlük müharibədəki ordudan daha güclü olduğunu gizlətmir. Hərbi xərclər artırırlıb. Dünyanın bir çox ölkələrindən müasir silahlar alınmaqda davam edir. Bu özünü müdafiə tədbirləri ilə bağlı hərəkətlərdir. Çünki Ermənistanda revanşist işğalçı qüvvələrin durmadan artdığını, Paşinyanın da bəzən revanşistlərin qulağını oxşayan sözlər səsləndirdiyini görəndə Azərbaycan Prezidenti də qarşı tərəfə müəyyən mesajlar göndərməyə məcbur olur".
Q.Hüseynli bildirdi ki, Azərbaycan hərbi-siyasi rəhbərliyi hələ ki, təmkinli davranır: "Sülh sazişi imzalanmasa, bölgənin rifahına kömək edəcək tədbirlər həyata keçirilməsə xüsusilədə kommunikasiya məsələləri həyata keçirilmiyibsə onda nə etməliyik? Düşünürəm ki, Azərbaycan prezidenti "Əlimizdə olan başqa vasitələrlə Ermənistana cavab verə bilərik" dedikdə təkcə müharibə variantını nəzərdə tutmadı, eyni zamanda Ermənistan tərəfinə onun yerinə yetirməli olduğu məsuliyyəti başa salmağa çalışdı".
Politoloq qeyd etdi ki, Ermənistan gündə bir xəyala düşürsə, fikir ayrılıqları olacaqsa, sülh danışıqlarına, bütövlükdə proseslərin nizamlanması ilə bağlı aparılan danışıqlara əməl etməyəcəksə, onda Azərbaycan tərəfindən də bu cür sözləri eşidəcək: "Azərbaycana müharibə lazım deyil. Biz istəyirik ki, bölgədə möhkəm, təminatlı sülh olsun. Bölgədə bir daha silahlı toqquşmalar, qarşıdurmalar olmasın. Azərbaycan bu məsələləri birdəfəlik və köklü surətdə həll etmək istəyir. Ona görə bəzən bu cür xəbərdarlıqlar edir".
Safura Bənnayeva
SİTAT.İNFO