“Qızıl Qaya”da hadisə necə baş verib?  – Zəhərlənən jurnalist elə şeylər danışdı ki...

 “Qızıl Qaya”da hadisə necə baş verib?  – Zəhərlənən jurnalist elə şeylər danışdı ki...
HADİSƏ 02 Noyabr 2026 15:53

“Qızın Qaya" restoranında gözdən əlil şəxslərin tədbiri idi, məni də dəvət etmişdilər. Ağzıma bir tikə lülə kabab qoyan kimi halımın pisləşdiyini hiss etdim.  Limon sıxdım ki, bəlkə ürəkbulanma keçər. Daha sonra təmiz hava almaq üçün çölə çıxdım, amma gördüm ki, vəziyyətim daha da ağırlaşır. Taksi çağırılmasını istədim.

Bu zaman gördüm ki, hamının halı pisləşir, qusurlar. Məni ilk olaraq Təcili Tibbi yardım maşını ilə xəstəxanaya apardılar. Yeməyin qoxusunu hiss edəndə ofisianta yaxınlaşıb dedim ki, bu nə üçün belə pis qoxur? O da yeməyi iylədi və qoxunun həqiqətən pis olduğunu gördü. Daha sonra administrator gəldi və narahat olmamağımızı söylədi. Bizə qatıq və başqa şeylər gətirdilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında hadisədə zərərçəkənlərdən biri jurnalist Gülnaz Qənbərli deyib.

O bildirib ki, restoran rəhbərliyi narazılıq edən gözdən əlil gəncə qarşı fiziki zorakılıq edib:

"Sonra restoranın rəhbəri gəldi və hədə-qorxu gəlməyə başladı. Hətta gözdən əlillərdən birinin oğlunu da vurdu.

Təcili Tibbi Yardım maşınlarının sayı çox olduğundan digər maşınları özləri çağırdılar. Məhəmmədi Modul tipli xəstəxanaya apardılar. Müayinə zamanı vəziyyətimin nisbətən yaxşı olduğunu düşündüm və evə buraxılmağımı, müalicəni evdə davam etdirməyimi istədim. İmtina sənədi yazıb evə getdim. Lakin sonradan yenidən xəstəxanaya müraciət etməli oldum. Çünki təzyiqim 46-ya düşmüşdü.

"Semashko" xəstəxanasında mənə yaxşı tibbi yardım göstərildi. Tədbirdə 41 nəfər bir yerdə idik. Hazırda onlardan yalnız biri – Nazpəri Omarova yanımdadır. İndi eşitmişəm ki, restoran sahibi hesabı ödəmək istədiyini deyirmiş.

Təcili Tibbi Yardım Mərkəzində bizə zəhərlənmə diaqnozu qoyuldu. Çoxlu sistem və iynələr vurdular. Yalnız bundan sonra özümüzə gəlməyə başladıq.

Məlum oldu ki, həm toyuq, həm də mal ətindən hazırlanan lülə kababın rəngi dəyişmiş, ət göyərmişdi".

Aytac,

Sitat.info