“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”
Sitat.info xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.
“Qanunvericiliyə görə, hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır. Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Hesab edirik ki, bu istiqamətdə maarifləndirmə işlərinə üstünlük verilməlidir”, - o əlavə edib.
F.Qurbanov qeyd edib ki, müəllimlərlə bağlı məsələyə gəldikdə isə, bu, əmək münasibətləri və qanunvericiliyi ilə tənzimlənən məsələdir: “Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunması müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına, əmək müqaviləsinə dair öhdəliklərinin bir hissəsidir. İşə qəbul edilmiş şəxs əmək müqaviləsinin, daxili intizam qaydalarının və ona qanuni qaydada şamil olunan tələblərin icrasına məsuliyyət daşıyır. Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, artıq müəllimlərin böyük çoxluğu bu Qaydaların tələblərini gözləyir və tədris fəaliyyətini davam etdirir. Gözləntimiz bundan ibarətdir ki, müəllimlərimiz bu məsuliyyətli məqamda məktəb və şagirdlərinin yanında olacaqlar, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirəcəklər”.