Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə deyib ki, bu görüş gündəmdəki əsas mövzulardandır. Bəs bu görüşün əsas məqsədi nədir və nələr gözlənilir?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə və Ermənistanla Azərbaycan və Türkiyə arasında əlaqələrin normallaşması istiqamətində atılan addımların fonunda regionda yeni reallıqlar yaranıb: "Bakı, Ankara və Tehran bu durumdan yararlanmaqda maraqlıdır. Odur ki, XİN başçılarının üçtərəfli görüşü məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, son həftələr ərzində Azərbaycan, Türkiyə, Rusiya və İran XİN başçıları qonşu ölkələrə səfərlər etdilər. Əlbəttə, baş diplomatlar beynəlxalq proseslərlə yanaşı, həm də regional məsələlər barədə danışıblar. Bəlkə də, üçtərəfli görüş barədə qərar məhz səfərlərin nəticəsində qəbul edilib".
K.Novruzov vurğuladı ki, İranla Rusiyanın "mehriban düşmən" olduqları məlumdur: "Çünki ikisinin də regionla bağlı maraqları var və bu maraqlar toqquşur. Həmçinin rəsmi Tehranın Bakıya qarşı müsəlmanlığa zidd ritorikası da bəllidir. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı aydın görmüşdük. Bakı və Ankara isə bütün hallarda regional əməkdaşlıqda maraqlıdır. Bu mənada üçtərəfli iclasda hər tərəfin öz maraqları kontekstindən çıxış edəcəyi şübhəsizdir. Böyük ehtimalla toplantıda altılıq platformasının icrası da gündəmdə olacaq. Hərçənd 3+3 formatının əsas üzvlərindən biri olan Rusiya tədricən zəifləyir. Bu isə o deməkdir ki, perspektivlər dəyişir. Deməli, müzakirələr yeni reallıqlar uyğun aparılacaq".
Siyasi şərhçi hesab edir ki, indiyədək Azərbaycan, Türkiyə və İran müharibə ilə bağlı neytral mövqe tutmağa çalışıb: "Hər üç ölkənin rəsmiləri daha çox tərəfsiz bəyanatlar səsləndiriblər. Savaş uzanır. Ola bilsin, üçtərəfli görüşdə nazirlər daha konkret "yol xəritəsi" barədə razılığa gəlsinlər və ya neytral mövqeyi daha etdirmək barədə ortaq qərar qəbul etsinlər. Hər halda üç ölkənin bundan sonrakı mövqeyi də, çox güman, eyni, yaxud yaxın olacaq. Görüşdə eyni zamanda Ermənistanla münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparılacağı da istisna deyil. Çox güman ki, Abdullahiyan bu prosesi dəstəklədiklərini bildirəcək".
K.Novruzov hesab edir ki, Tehran bu proseslərdə sadəcə öz maraqlarının təmin olunmasına görə səmimidir: "Kommunikasiya xətlərinin açılması cənub qonşumuzun maraqlarına uyğun ola bilər. Amma İran heç də "bütün düyünlərin açılmasını" istəmir. Çünki bundan sonra Cənubi Azərbaycan məsələsinin gündəmə gələ biləcəyindən qorxur. Sözügedən görüşədək toplantı iştirakçısı olan dövlətlərin, həmçinin digər regional ölkələrin- Rusiya, Gürcüstan və Ermənistan XİN başçıları arasında telefon danışığının baş tutması mümkündür. Bütün hallarda Bayramov, Çavuşoğlu və Abdullahian görüşünün ciddi nəticələrlə yadda qalacağını düşünmək olar".
Safura Bənnayeva
Sitat.info