Torpaqlarımız işğaldan azad olunduqdan sonra əsas məqsəd dağıdılmış infrastruktrun bərpası, quruculuq işlərinin həyata keçirilməsi, təmir-tikinti işləri, əhalinin öz tarixi torpaqlarına köçürülməsi oldu.
"Ağıllı kənd"lərin tikintisinə başlanılıb və əhalinin həmin ərazilərdə yerləşdirilməsi planları artıq gərçəkləşir. Bütün bu proseslərlə yanaşı digər bir məsələ isə ondan ibarətdir ki, Qarabağda aparılan təmir-tikinti işləri ölkədə ümumi işsizliyə nə dərəcədə təsir göstərib və hansı yeni peşə sahiblərinə tələbat artıb? Əhalinin iqtisadiyyatın yenilikləri ilə bağlı hansı peşə sahələrinə yönəldilməsi daha məqsədə uyğun olardı? Hazırda əmək bazarında tələbat olan , amma kadr çatışmazlığı yaşanan sahələr hansılardır?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirdi ki, Qarabağda aparılan bərpa işləri ölkədə məşğulluq səviyyəsinə şübhəsiz ki, müsbət təsir göstərir: "Bu təsirin nə qədər olmasına gəldikdə isə bunun üçün xüsusi tədqiqatların aparılmasına ehtiyac vardır. Danılmaz həqiqət ondan ibarətdir ki, bu bərpa prosesində həm Qarabağdan, həm də Azərbaycanın digər bölgələrindən olan insanlar işə cəlb olunub. Xüsusilə Qarabağ ətrafındakı rayonlardan olan əhali bu prosesdə nisbətən daha aktiv iştirak edir".
İqtisadçının sözlərinə görə, digər tərəfdən bu bərpa işləri ümumilikdə iqtisadiyyatda bir çox mal və xidmətlərə olan tələbi də artırır ki, bu da həmin sahələrə investisiyaların artırılmasını və nəticədə məşğulluq səviyyəsinin yüksəlməsini doğrurur: "Bir sözlə, bu bərpa işləri həm orada birbaşa insanların çalışması, həm də iqtisadiyyatda yaratdığı əlavə tələbin hesabına məşğulluq səviyyəsinə müsbət təsir göstərir".
Ekspertin fikrincə daha arzu olunan hal odur ki, bu bərpa prosesinə daha çox məcburi köçkünlər cəlb edilsin: "Bu istiqamətdə dövlət qurumları bir çox addımlar atır, ancaq daha sistemli və effektiv tədbirlərin görülməsi ehtiyacı da ortadadır. Biz məcburi köçkünləri bu bərpa prosesinə nə qədər çox cəlb edə bilsək, sonradan repatriasiya prosesini də bir o qədər daha effektiv həyata keçirmiş olarıq. Məcburi köçkünlərin bu prosesdə aktiv iştirakı üçün şübhəsiz ki, bir çox peşə təlimi proqramlarının həyata keçirilməsinə ehtiyac vardır. Qarabağda ölkənin beşdə biri yenidən qurulur və bu prosesdə fəhlədən menecerə, bənnadan memara qədər çoxlu sayda peşə sahiblərinə ehtiyac var".
Ümumilikdə əmək bazarında gələcəkdə tələb yaranacaq peşələrlə bağlı suala gəldikdə isə, iqtisadçı qeyd etdi ki, müasir dövrdə peşələr sürətlə köhnəlir: "Xüsusilə iqtisadiyyatın rəqəmsallaşması və dördüncü sənaye inqilabı çoxlu sayda peşələri sürətlə sıradan çıxarır və yüzlərlə yeni peşələri ortaya qoyur. Bu gün Azərbaycanda demək olar ki, hər sahədə yaxşı mütəxəssislərə ehtiyac var. Rəqəmsal texnologiyaların daha çox nüfuz etdiyi sahələrdə isə bu ehtiyac özünü daha çox göstərir".
Safura Bənnayeva
Sitat.info