Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV

Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
Dünya 14 Noyabr 2026 16:23

ABŞ, Rusiya və Çin liderlərinin qarşıdakı üçtərəfli görüşünün nüvə silahlarının azaldılması ilə bağlı danışıqların başlanğıcı olacağı gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Ağ Evin mətbuat katibi Oliviya Uells isə bildirib ki, Donald Tramp Vladimir Putin və Si Cinpinlə görüşdə nüvə silahlarının azaldılması məsələsini müzakirə edəcək:

“Prezident Tramp açıq şəkildə bildirib ki, digər məsələlərlə yanaşı, dünyada nüvə silahlarının azaldılmasını da müzakirə edəcək. O hesab edir ki, nüvə silahlarının yayılması son dərəcə təhlükəlidir”.

ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsi isə görüşün yekununda hər hansı razılaşmanın əldə olunmasının gözlənilmədiyini bildirib. O, danışıqları üç ölkə arasında liderlər səviyyəsində ilk müzakirə və gələcək proses üçün başlanğıc nöqtəsi kimi qiymətləndirib.

Qeyd edək ki, görüşün noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutması nəzərdə tutulur.

Daha əvvəl “The Wall Street Journal” Vaşinqtonla Pekin arasında görüşün formatı və gündəliyi ilə bağlı fikir ayrılıqlarının yarandığını yazmışdı. Məlumata görə, Çin sammitin ssenarisini və nəticələrini əvvəlcədən razılaşdırmaq istəyir, ABŞ isə sərbəst müzakirələrin aparılmasında israr edir. Üçtərəfli görüşdə Ukrayna məsələsinin müzakirəsi planlaşdırılmır.