Qara dənizdə batan gəmidəki 4 azərbaycanlı xilas edildi
Qara dənizdə, Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, xilas edilən dənizçilərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır. İlkin ehtimallara əsasən, gəminin batmasına göyərtədə baş verən partlayış səbəb ola bilər.
Xatırladaq ki, bundan əvvəl "Reuters" agentliyi Bolqarıstan Nəqliyyat Nazirliyinə istinadən Qara dənizdə — Bolqarıstanın iqtisadi zonasına daxil olan Kaliakra burnunun təxminən 40 dəniz mili cənub-şərqində Somali bayrağı altında üzən gəmidən SOS siqnalının alındığını bildirmişdi.
Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan "BETUL 8" gəmisinin heyətini xilas etmək üçün əraziyə dərhal Bolqarıstana məxsus iki, eləcə də Rumıniya və Türkiyəyə məxsus bir gəmi cəlb olunub.
Hazırda qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.