Uşaqların gündəlik qida rasionunda önəmli yer tutan meyvələr bu dönəmdə müzakirə predmetinə çevrilib. Çünki valideynləri maraqlandıran, narahat edən məsələlər var.
Mövsüm meyvələri nə vaxtdan uşaqların qida rasionuna əlavə edilməlidir? Hansı hallarda allergiya yarana bilər? Tərkibində azot və gübrənin həddindən artıq olduğu meyvələrin uşaqların orqanizminə zərərləri təsirləri nə ola bilər?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən pediatr Qoşqar İsmayılov bildirdi ki, allergik uşaqlara sitrus meyvələri qətiyyən olmaz: "Ən azından allergik tutmalar, qaşınmalar zamanı, həmçinin allergik ağciyər xəstəlikləri varsa, istifadə etmək olmaz. Uşaqlara alma, armud, gavalı kimi meyvələrin 6-cı aydan sonra verilməsi məsləhətdir”.
Pediatrın sözlərinə görə, meyvələri seçərkən mütləq gübrələnməsinə diqqət yetirmək lazımdır: "Çünki azotla zəngin meyvələrdən istifadə etmək nəinki, uşaqlar, hətta böyüklər üçün təhlükə daşıyır. Xüsusən qarpız və yemişdən yayda 1 yaşlı uşaqlar üçün istifadə oluna bilər. Belə meyvələrdən iyul ayının axırı, avqustun əvvəli istifadə olunması daha məqsədəuyğundur”.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Prof. Dr. Selda Bülbül uşaqlar və körpələr üçün hər mövsüm təzə tərəvəz və meyvələrdən istifadə etməyin lazım olduğunu qeyd edib: “Qidalanma şəxsidir və fəsillərə görə dəyişir. Uşaqlara və körpələrə sağlam qidalanma üçün hər dövrdə mövsümi təzə tərəvəz və meyvələrdən istifadə etməyi tövsiyə edirik. Körpənin qidalanması üçün yay mövsümünə uyğun tərəvəz və meyvələrin seçilməsi önəmlidir”.
Bülbül bildirib ki, körpələrin qida rasionuna 6-cı aydan tərəvəz və meyvələr əlavə edilir: "Uşaqların gündəlik rasionunda ən azı 5-9 porsiya olmalıdır. Kiçik bir boşqab salat 4 ərik, bir kasa albalı, bir kiçik boşqab tərəvəz püresi və ya tərəvəz yeməyi bir porsiya qəbul edilir. Bu dövrün tərəvəzlərinin demək olar ki, hamısını körpələr və 6 aydan yuxarı uşaqlar yeyə bilər. Bu aylarda körpəyə təzə sarımsaq verilə bilər. Eləcə də asanlıqla istifadə edilə bilən meyvələrdən- şaftalı və ərikdən faydalanmaq olar. 8-ci aydan etibarən noxud, soğan kimi çox faydalı bitkilər, şüyüd, reyhan, cəfəri , 12-ci aydan sonra yeməklərə lobya, badımcan, pomidoru əlavə etmək olar.Qarpız, qovun, gavalının meyvə pürelərində istifadə olunması məsləhətdir”.
Nigar Abuzər
Sitat.info