Xristian dünyasından atılan Putin türk-müsəlman dövlətlərindən nə istədi? TƏHLİL

14:43 30 İyun 2022

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub. Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib. Bəs görəsən, Xəzəryanı Dövlətlərin Dövlət başçılarının VI Zirvə toplantısının Azərbaycan üçün əhəmiyyəti  nədən ibarətdir?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, 29 iyun tarixində Azərbaycanın dövlət başçısının da iştirak etdiyi Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı zirvə toplantısı başladı: “Həmin zirvə toplantısında Azərbaycanla yanaşı Xəzəryanı dövlətlər olan Rusiyanın prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Tokayev, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov və İranın prezidenti İbrahim Rəisi də iştirak edirdi. Bu müntəzəm qaydada keçirilən görüşdür. Uzun illər ərzində Xəzəryanı dövlətlərin Xəzərin bölgüsü, hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələri gedib. İlk dəfə  2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə edilib”.

X.Bəşirovun sözlərinə görə, bu görüşün hazırki vaxtda  keçirilməsinin xüsusi məqamları var: “Ukrayna münaqişəsinə görə Rusiya ilə Qərb dünyası arasında ciddi konfrantasiya yaranıb. Bu qarşıdurmanın fonunda Rusiyaya qarşı çoxlu sayda siyasi, iqtisadi və digər, təxminən 10 minə yaxın  sanksiya tətbiq edilib. Bunların sayı günü-gündən artmaqdadır. Təzadlı məqam da ondan ibarətdir ki, eyni tarixdə İspaniyada NATO ölkələrinin görüşü keçirilir və həmin o görüşdə Türkiyə də iştirak edir. Məhz Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi ilə bağlı mövqeyi fərqli idi. Xristian dövlətlərinin iştirak etdiyi həmin görüşdə Türkiyənin iştirakı xüsusi əhəmiyyət daşıdı və Türkiyənin razılığı alındı. Bununla paralel eyni tarixdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində müsəlman ölkələrinin başçılarının görüşündə xristian dövləti olan Rusiyanın prezidenti Putin iştirak edirdi. Bu da tarixin ironiyası idi. Maraqlar zəminində formalaşmış görüşlərdir ki, bu gün Rusiya xristian dünyasında arzulanmayan dövlətdir.  Xəzərin statusu ilə bağlı görüşlərin keçirilməsinin əhəmiyyəti budur ki,  Rusiya və müttəfiqi olan bəzi dövlətlərin Qərb dünyası ilə qarşıdurması nəticəsində Xəzərin , o cümlədən Cənubi Qafqaz regionunun önəmi günü-gündən artmaqdadır.  Çünki  Rusiya ilə konfrantasiya nəticəsində Avropa enerji resuslarından, neft, qaz və digər məhsulların idxalını azalmağa çalışır. Avropa  dövlətləri imkan çərçivəsində asılılığı azaltmağa çalışırlar, lakin tamamilə imtima etmələri də mümkün deyil”.

Politoloq hesab edir ki, bunun fonunda Cənubi Qafqaza, Xəzər dənizinin təbii resurslarına ehtiyac artır: "Bu Avropa və digər ölkələrin diqqət mərkəzində olan bir görüşdür. Həmin görüşdə Azərbaycan Respublikası prezidentinin ilk dəfə qalib ölkənin prezidenti kimi çıxış etməsi də diqqətəlayiq məqamdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurduqdan sonra, 2021-ci ilin əvvəllərində uzun illər ərzində Azərbaycanla Türkmənistan arasında ciddi narazılıq yaradan, soyuq küləklərin əsməsinə səbəb olan, hətta münaqişə səviyyəsinə gəlib çıxa bilən bir məsələ var idi ki, bu da Xəzər dənizində bir yataqla bağlı idi. Həmin o yatağı Azərbaycan tərəfi Kəpəz,Türkmənistan tərəfi isə Sərdar adlandırırdı. İki tərəf də ona iddiasını ortaya qoymuşdu. Bu yatağın Azərbaycana aid olması mövqeyi sona qədər qorundu. 
Azərbaycanın qələbəsindən sonra, 2021-ci ildə prezident Əliyevin yürütdüyü uğurlu xarici siyasət, ümumilikdə baş verən proseslərə fərdi yanaşma tərzi, əzmkarlığı, iradəsi həmin problemin də həllinə gətirib çıxartdı. 2021-ci ilin əvvəlində Azərbaycanın prezidenti İlham Əliyevlə Türkmənistanın keçmiş prezindeti Qurbanqulu Berdiməhəmmədov arasında bu məsələnin həlli ilə bağlı baş tutan görüşdə razılaşma əldə edildi. O yataq hər iki tərəfin razılığına əsasən "Dostluq" yatağı adı altında birgə olaraq istismar edilməkdədir”.

X.Bəşirov vurğuladı ki, artıq bu istiqamətdə də ciddi bir problem qalmayıb: "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsidə  razılıq əldə edilsə də, bu kimi bəzi ciddi problemlər Xəzərin hüquqi statusunun tam şəkildə müəyyənləşdirilməsinə ciddi maneə törətdirdi. Bu məsələ  də öz həllini tapdıqdan sonra Azərbaycan tərəfinin maraqlarının təminatı ilə Azərbaycanın dövlətçilik, ərazi bütövlüyü o cümlədən beynəlxalq hüquqda müəyyənləşdirilmiş dəniz-su sərhədlərinin qorunması şərtilə Xəzərin statusunda demək olar ki, hər hansısa ciddi problem mövcud deyil.  Bu gün Azərbaycanın Xəzəryanı dövlətlərlə münasibəti çox yaxşıdır və gündən-günə həm siyasi, iqtisadi, həm də digər məqamlarla bağlı inkişaf etməkdədir. Xəzəryanı ölkələrdən ikisi türkdilli ölkələrdir ,Qazaxıstan və Türkmənistan.  Digər ölkələr Rusiya və İrandır ki, Azərbaycan həmin dövlətlətlə əzəli münasibəti olub. Zamanla bu münasibətlərdə fərqli dalğalanmalar da müşayət olunub, amma prezident İlham Əliyevin hakimiyyətdə olduğu vaxtda Rusiya, İran, Türkmənistan və Qazaxıstanla münasibətimiz çox yüksək səviyyədədir”.

Hüquqşünas qeyd etdir ki, Azərbaycan qalib dövlətdir, qalib ölkənin maraqlarının, prezidentimizin mövqeyinin bu kimi görüşlərdə nəzərə alınmasının  da şahidi olmaqdayıq:  “Bu məsələ ilə bağlı Cənubi Qafqaz regionunda diqtə edən tərəflər, dominat tərəfə çevrilməkdə olan Azərbaycanın Qərb istiqamətində sərhədlərinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlarla yanaşı paralel olaraq Şərq istiqamətində də sərhədlərinin tam təhlükəsizlik təminatına alınması prosesi davam edir.  

Politoloqun sözlərinə görə, indiki görüşü həm də ikinci Qarabağ müharibəsindən sonra reallaşmaqda  olan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı çox ciddi əhəmiyyəti var: "Çünki Zəngəzur dəhlizi təkcə bizim ölkəmizə qədər davam edən bir dəhliz deyil, bir tərəfdən Azərbaycanın Naxçıvanla, onun davamı olaraq Türkiyə və Türkiyədən Aralıq dənizinə keçməklə, ümumiyyətlə Avropa qitəsinə, digər tərəfi də Xəzər dənizi daxil olmaqla Mərkəzi Asiya və Asiyanın dərinliklərinə qədər uzanan bir dəhlizdir”. 

Xəyal Bəşirov son olaraq vurğuladı ki, bu gün biz paralel olaraq Zəngəzur dəhlizinin reallaşması istiqamətində addımlar atırıqsa, bunun digər tərəfi olan Xəzər dənizini də nəzərə almaq lazmdır: “ Artıq Azərbaycanın mövqeyinə uyğun olaraq Xəzər dənizi istiqamətində münasibətlər yüksək səviyyədə inkişaf etdirilməsində, bir sıra xırda problemlərin həlli istiqamətində bu kimi görüşlərin keçirilməsinin ciddi əhəmiyyəti var. Hər bir halda Xəzəryanı ölkələrin 6-cı zirvə toplantısının keçirilməsi, müzakirə olunan ciddi məsələlər Azərbaycanın maraqlarına cavab verir".

 
Safura Bənnayeva 

Sitat.info
 



Xəbər xətti