Zelenski Alen Berse ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə dövlət başçısı sosial mediada məlumat verib.
“Qolodomor qurbanlarının anım günündə - ukraynalılara qarşı törədilmiş dəhşətli cinayətlərin xatirəsinin yad edildiyi gündə bu səfərə görə təşəkkür edirəm. Rusiya bu cinayətlərə görə hələ də layiqli cəzasını almayıb. Təcavüzkarın bu cür cinayətlərə görə cəzasız qalması bu gün onu yeni cinayətlər törətməyə daha da həvəsləndirir. Buna görə də Rusiyanın başladığı və başa çatdırmaq istəmədiyi bu müharibəyə görə ədalətin mütləq bərqərar olması çox vacibdir”, - Zelenski vurğulayıb.
O qeyd edib ki, Berse ilə görüşdə buna nail olmağa kömək edə biləcək qərarlar müzakirə olunub:
“Kiyev bu həftə Ukraynaya qarşı təcavüz cinayətinə dair Xüsusi Tribunalın Rəhbər Komitəsi haqqında Qismən Genişləndirilmiş Sazişi ratifikasiya edib. Bu sənəd tribunalın praktiki fəaliyyətə başlaması və işinin təmin edilməsi üçün zəmin yaradır. Ümid edirik ki, tərəfdaşlarımızın çoxu bu sazişə qoşulacaq. Həmçinin beynəlxalq kompensasiya mexanizminin yaradılması istiqamətində əldə olunan irəliləyişi və gələcək kompensasiya fondunun, ilk növbədə, Rusiyanın hesabına doldurulması yollarını müzakirə etdik”.
Berse Avropa Şurasının Ukrayna üçün yeni Fəaliyyət Planı barədə məlumat verib. Plan veteranlara, qadınlara və uşaqlara dəstəyi, eləcə də Ukraynanın bərpasına yardım göstərilməsini nəzərdə tutur.