Paris hava limanında tətil elan edilib
Parisin hava limanlarında çalışan işçilər dekabrın 17-dən 20-dək dörd günlük tətil keçirəcəklər.
Sitat.info xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, Şarl de Qoll və Orli hava limanlarını idarə edən ADP şirkətinin işçilərini təmsil edən CGT və FO həmkarlar ittifaqları tətil çağırışı edib.
Aksiya iştirakçıları səyahət xərclərinin 20% artırılmasını, 1000 avro yanacaq bonusunun verilməsini və əlavə işçilərin işə götürülməsini tələb edirlər.
Həmkarlar ittifaqları, həmçinin bütün vakant yerlərin doldurulmasını və işçilərin hava limanına giriş icazələrinin müvəqqəti və ya daimi ləğvi ilə bağlı şikayətlərə baxılması üçün komissiyanın yaradılmasını istəyirlər.
Tətilin dekabrın 17-də saat 05:00-da başlayacağı və dekabrın 20-də gecəyarısı başa çatacağı bildirilib.