"Quru sərhədlər açılsa, Azərbaycana kütləvi qayıdış gözlənilir" - Deputatdan SOS siqnalı

16:05 4 İyul 2022

"Azərbaycanda iş yerlərinin azaldığını müşahidə edirik. Digər bir problem isə odur ki, həm Rusiya, həm də Ukraynada iqtisadi vəziyyət çətinləşib və böhran vəziyyətinə çatır. Ukrayna və Rusiyada olan azərbaycanlıların da ölkəmizə meyllənməsi prosesi başlayır. Həm də o ölkələrdən Azərbaycana göndərilən vəsaitlərin miqdarı azalıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Razi Nurullayev deyib. 

Onun sözlərinə görə, xeyli insan təyyarə yolu ilə vətəninə geri dönüb, quru sərhədlər açılarsa, Azərbaycana kütləvi qayıdış gözlənilir: "Görünür ki, quru sərhədlərinin açılmamasının səbəblərində biridə budur. Ölkəmiz insanların belə kütləvi şəkildə qayıtmasına hazır deyil. Çünkü, ölkədə yaşayan insanların işlə təminatında problemlər var. Pandemiya dövründə də işləyən zavodların, fabriklərin və müəsissələrin işçi heyətləri ən azı 2-3 dəfə azalıb. Elə şirkət var idi ki, onun 1800 işçisi var idi, indi cəmi 300 işçisi qalıb. Belə görünür ki, işsizlik kütləviləşməyə başlıyıb. Belə bir halda hamımız təklif edirik ki, parlamentdə də məsələ qaldırırıq ki, yeni sosial paketlər olmalıdır, pensiyalar artmalıdır, digər müxtəlif müavinatlarda artım olmalıdır ki, insanlar bahalaşmaya, eyni zamanda da inflyasiyaya tab gətirə bilsinlər".

Deputat vurğuladı ki, hal-hazırda neft və qaz layihələrindən gələn gəlirlər artıb və bunun müqabilində belə bir artımın edilməsi gözlənilir: "Hökumət də bunu ciddi bir şəkildə müzakirə edir. Amma bunların hamısı yardımdır. Yəni,  insan yadrımla xoşbəxt yaşaya bilməz. Yardımla sadəcə ölməmək üçün yaşıyar. Dövlət nə qədər yardım versə də, o yenə razı qalmayacaq və xoşbəxt olmayacaq. Sadəcə bu onlara kömək üçün edilir və edilməlidir. Biz bunu təklif edirik. Amma bununla bərabər insanların yaxşı rəqabətli və pul qazana biləcəyi iş yerləri yaradılmalıdır. Bu iş yerini də dövlət yaratmalı deyil. Ümumiyyətlə dövlətin bizneslə məşğul olması qəbahətdir. Dövlətin bizneslə məşğul olması sahibkarların əlini -qolunu bağlıyır. Bu sahədə rəqabətlə işləyən sahibkarları məhv edir və məmur biznesini inkişaf etdirir. Büdcə pullarının talanmasına yol açır və bu baxımdan dövlət birmənalı olaraq bizneslə məşğul olmamalıdır".

R.Nurullayevin  fikrincə, bizneslə iş adamları məşğul olmalıdır, onlara şərait yaradılmalı, böyük miqdarda əlçatan kreditlər verilməlidir: "Onların xarici tərəfdaşlarla işləməsinə dövlət kömək etməlidir. Dövlət öz səfirliklərinin vasitəsilə öz resursları vasitəsi ilə iş adamlarına pul qazanmaq üçün şərait yaratmalıdır. Zavod- fabrik açmaq üçün şərait yaratmalıdır. Bütün bunlar hamısı kağızda var. Kağızda çox gözəl yazılıb ki, Azərbaycanda sərmayələrin təşviqi var, sənaye məhəllələrinə pul qoyanlara vergidən azad olunmaq üçün sertfikatlar da verilib. Amma bunların hamısı ayrı-ayrı seçilmiş şəxslərə edilir. Hər kəsə bu şərait verilmir. Və bu gün kimsə gətirib Azərbaycana pul qoyanda pulunun toxunulmazlığına inanmır, əmlakının toxunulmazlığına inanmır. Gələcəkdə zavod və fabriklərə qoyduğu investisiyadan daha çox pul qazananda özünün təhlükəsizliyinə zəmanət ala bilmir. Təbii ki, cənab prezident hər zaman deyib ki, mən iş adamlarının yanındayam və bu səmimiyyətə iş adamları inanır. Lakin iş adamlarının hamısının cənab prezidentə çıxışı yoxdur və onlar sözlərini bir başa cənab prezidentə demirlər. Bəzən onların cənab prezidentə yazdığı məktubları belə öz aralarında ötürə- ötürə ya itirirlər , ya da gizlədirlər. Məktublar öz ünvanına çatmır. Buna görə də iş adamları çox ciddi problemlərlə üzləşirlər. Mən deputatı olduğum İmişli rayonunun iş adamları ilə görüşürəm, xeylisinin çox ciddi problemləri var. Müxtəlif yerlərdən mənə siyasi partiya rəhbəri kimi, bir deputat kimi müxtəlif iş adamları müraciət edirlər. Bu iş adamlarının problemləri başlarından aşır. İstər məhkəmələrlə, istər bəzilərinin icra hakimiyyətləri  ilə problemləri olur. Vətəndaşlarla və ya ayrı-ayrı məmurlarla problemləri olur. Gərək bunların hamısı həll olunsun, dinlənilsin və çarə tapılsın. İş  yerini adamları yaratmalıdır. Amma bu gün iş adamları o stimulu, o motivasiyanı ala bilmirlər. Buna görə də onlar Azərbaycana yatırım etmək istəmir, bəziləri isə öz işlərini bağlayıb gedib".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti