Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Məumatı “Farsnews” agentliyi yayıb.
Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq.
Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.
Regionda ciddi proseslərin baş verdiyi bir vaxtda bölgə ölkələrinin XİN başçılarının mütəmadi təmasları təəccüblü deyil. Bundan əvvəl Rusiyanın baş diplomatı Sergey Lavrov növbə ilə qonşu ölkələrə səfər etmiş və həmkarları ilə görüşmüşdü. Ceyhun Bayramovun İrana səfəri də həmin tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Hər halda Azərbaycan və İran başçıları digər cari məsələlərlə yanaşı, Lavrovun region turnesinin nəticələrini də müzakirə edəcəklər.
Gündəliyin əsas mövzularından biri, şübhəsiz ki, Cənubi Qafqaz olacaq. Nazirlər İrəvanla Bakı və Ankara arasında əlaqələrin normallaşması, o cümlədən Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin dördüncü görüşündə quru sərhədlərin açılması barədə əldə olunan razılıq haqqında danışa bilərlər. Ermənistanın son vaxtlar təkrarladığı təxribatlar və Azərbaycanın bu provokasiyalara potensial adekvat cavabı da masa da ola bilər. Bayramovun bu mövzuda Əmirabdullahianın "nəbzini yoxlaması" istisna deyil. Hər halda müdafiə naziri Zakir Həsənovun orduya verdiyi tapşırıqlar növbəti əməliyyatların başlaya biləcəyinə işarədir. Deməli, regional siyasi konyuktura da ona uyğun olmalıdır. Rəsmi Tehrana başa salmaq lazımdır ki, İkinci Qarabağ müharibəsində olduğu kimi, "saman altından su yeritmək" ona baş ucalığı gətirməyəcək, əksinə, münasibətlərə zərbə ola bilər.
İkinci bir tərəfdən, baş diplomatlarlar, əlbəttə, həm də Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə danışacaqlar. Məlumdur ki, savaş və onun nəticəsi Cənubi Qafqaza da təsir edəcək. Artıq bu təsir özünü göstərməkdədir. Ona görə də nazirlərin bu barədə müzakirə aparmaları tamamilə gözləniləndir. Rəsmi Tehran hələ ki, neytral olmağa çalışır. Amma müharibədə qalib gələcəyi təqdirdə Rusiyanın regiondakı təsir gücünün artacağını, yəqin, anlayır. Elə ona görə də savaşın bitməsində maraqlı görünmür. Əks halda indiyədək bu istiqamətdə müəyyən addımlar atardı. Yəni əslində İran da Rusiyanın zəifləməsində maraqlıdır.
Bundan başqa, digər regional və beynəlxalq məsələlərin, o cümlədən ikitərəfli əlaqələrin də müzakirə olunması mümkündür.
Səfərin Əmirabdullahianın təşəbbüsü ilə baş tutacağını nəzərə alsaq, İranın hansısa məsələlərdə dəstəyimizə ehtiyacı olduğunu düşünmək olar. Hətta istisna deyil ki, Tehran Moskva ilə imzaladığımız informasiya təhlükəsizliyi ilə bağlı sazişə bənzər qarşılıqlı sənəd imzalamağı təklif etsin.
Kənan Novruzov
Sitat.info