Hökumət idxal inflyasiyasını elə əsaslandırır ki, sanki heç bir  günahı yoxdur" - Azər Mehtiyev

17:19 10 İyul 2022

"Azərbaycandakı qiymət artımları ilə bağlı hökumətin üstünlük verdiyi izah budur ki, bu idxal inflyasiyasıdır. İdxal inflyasiyasını da elə əsaslandırırlar ki, burada hökumətin heç bir  günahı yoxdur. Əsas səbəb dünyada baş verən inflyasiyadır. Azərbaycanda da bu cür vəziyyətlə üzləşib və inflyasiya prosesində hökumətin rolu çox kiçikdir. Bu yanaşma doğru deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasına son vaxtlar müşahidə olunan sürətli inflyasiya və qiymət artımının səbəblərini şərh edən iqtisadçı ekspert Azər Mehtiyev deyib: " İnflyasiyanın idxal hesabına artması belə hökuməti ciddi şəkildə narahat etməli, hökumət buna məsuliyyət daşımalıdır. Əvvəla qiymət artımlarının özünün dəqiq diaqnozu qoyulmalıdır ki, onun nə qədər hissəsi dünyada baş verən qıtlıqla bağlıdır. Heç kimə sirr deyil ki, Rusiya vıə Ukrayna arasında baş verən müharibə bu prosesdə mühüm rol oynayır. Bir tərəfdən bəzi ərzaq məhsulları ilə bağlı qıtlıq yaşanır, digər tərəfdən enerji daşıyıcılarının qiymətlərinin son dərəcə sürətlə artması xərc inflyasiyası yaradır və qiymətlərin yüksəlməsinə  gətirib çıxarır".

İqtisadçı vurğuladı ki, bu amillər sırasına bir də  illərdir ölkədə mövcud olan və bütün sahələri əhatə edən inhisarçılığı əlavə etmək lazımdır: "İnhisarçılığın başında da məmur biznesi dayanır. Diaqnoz qoyularkən inflyasiya artımının səbəbi kimi həm qıtlıq məsələsini, həm xərc inflyasiyası məsələsi, həm də inhisarçılıq məsələsi gündəmə gəlməlidir. Bu 3 məsələyə kompleks baxıldıqda gələcək dövr üçün prosesin qarşısının alınması , təsirinin azaldılması istiqamətində kompleks tədbirlər işləmək olar. İnflyasiya prosesləri ilə bağlı danışanda iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, hökumət əhalinin az gəlirli təbəqəsinin daha da  yoxsullaşmasının qarşısını almaq üçün hansı tədbirlər görməlidir. İkincisi, uzunmüddətli dövrdə bu kimi proseslərdən yan keçmək üçün , qiymət artımlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir".

A.Mehtiyev hesab edir ki, qısamüddətli dövr üçün söhbət daha çox qiymət artımının səbəblərinin aradan qaldırılması və əhalinin nisbətən azgəlirli təbəqəsinə dövlət büdcəsinə yardımdan gedir: "Bu ilin dövlət büdcəsi təsdiq olunduqdan sonra ölkədə qiymət artımına  gətirib çıxaracaq bir sıra addımlar atılıb ki, buna gömrük-vergi sistemindəki dəyişikliklər də daxildir. Bu kimi addımların aradan qaldırılmasına ehtiyac var. Dövlət zatən 2022-ci ilin büdcəsində inflyasiya səbəbindən baş verən qiymət artımları hesabına büdcədə artımlara nail olub, buna görə də, dəyişikliklər edildi. Buna görə də, dövlət müəyyən gəlirlərindən, əsasən də vergi və gömrük rüsumlarını azaltmalıdır. Eyni zamanda əhalinmin vəziyyətini yaxşılaşdırmaq üçün dövlət büdcəsi hesabına tədbirlər görməlidir".

Ekspert hesab edir ki, uzunmüddətli dövrdə qıtlığın aradan qaldırılması mümkün deyil: "Ölkədə uzun müddətdir biznes mühitində ciddi problemlər var. Nə yerli sahibkarlar həvəslə biznesə investisiya qoymurlar, nə də xarici investorlar ölkənin qeyri-neft sektoruna o qədər də maraq göstərmirlər. Bu baxımdan ölkədə azad sahibkarlıq mühitinin formalaşması istiqamətində islahatlar sürətləndirilməlidir. Mülkiyyət toxunulmazlığına zəmanət, ədalətli məhkəmə sisteminin yaradılması kimi institutsional mexanizmdən gedir. İdxalda daha şəffaf və azad mühitin yaradılması mütləqdir. Bu halda qıtlıq olan məhsulları digər ölkələrdən gətirilməsi imkanları genişlənə bilər. Hökumətin atmalı olduğu addım inflyasiya proseslərinə ciddi diaqnoz qoymaqla bütün mümkün vasitələrlə ilkin təsirlərini azaltmaq, həm də uzunmüddətli dövrdə ölkədə istehsalın artımına yönəlik addımlar atmaq olmalıdır".

Nərgiz Liftiyeva

SİTAT.İNFO



Xəbər xətti