Böyük Britaniya Baş naziri Boris Conson dünən istefa verdiyini elan etdi. O, bildirdi ki, payıza kimi baş nazir vəzifəsini icra edəcək. Conson, həmçinin bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcəyini söylədi.
Bəs görəsən, Consonu kim həzm edə bilmədi və gedişinin sifarişçisi kimdir?
Bu sualla SİTAT.İNFO-ya açıqlamasında cavab verən Kənan Novruzov bildirdi ki, Boris Consonun baş nazir vəzifəsindən bu qədər asanlıqla gedəcəyini düşünmür: "O, hazırlıqlı adamdır. Bəlkə də, daxildəki proseslərin daha da mürəkkəbləşməməsi üçün qabaqlayıcı addım atıb. Və Consonun növbəti seçkilərdə yenidən qalib gəlməsi istisna deyil. Hər halda əvvəllər də dediyimiz kimi, indi sivil dünyanın ona ehtiyacı var. Consonun ABŞ və Türkiyə liderləri Cozef Bayden və Rəcəb Tayyib Ərdoğanla münasibətləri məlumdur. Onun iqtidardan getməsinin adıçəkilən liderlər üçün arzuolunan deyil. Odur ki, Ankara və ilə Vaşinqtonun hansısa formada Consona dəstək verəcəkləri və növbəti seçkilərdə qələbəsi üçün səy göstərmələri mümkündür".
K.Novruzov hesab edir ki, dünənki istefaya ən çox sevinən Rusiya olub: "Çünki Kremlə qarşı ən sərt mövqe sərgiləyənlərdən, Ukraynanı ciddi formada dəstəkləyənlərdən biri Conson idi. Amma düşünürəm ki, Moskva sevinmək üçün tələsməməlidir. Çünki Conson Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib. Britaniyadakı hadisələrin və Consonun istefasının NATO- nun sammitindən sonra baş verməsi diqqət çəkir. Ərdoğan indiyə kimi bir neçə dəfə Alyans daxilində davam edən savaşla bağlı fikir ayrılığının olduğunu vurğulayıb. Doğrudan da, proseslər göstərir ki, bəzi dövlətlər müharibənin bitməsində, bəziləri isə uzanmasında maraqlıdır. Hətta Rusiya ilə bəzi Qərb dövlətləri arasında gizli razılığın olduğuna dair də iddialar var".
Siyasi şərhçi vurğulaadı ki, Baydenin istefası məhz Alyans daxilindəki fikir ayrılığının nəticəsi ola bilər: " Bəlkə də, bəzi Qərb liderləri Consonun Ukrayna ilə bağlı birmənalı siyasətinin onlara sərf etmədiyini görüb və "tədbir görmək" barədə qərar veriblər. Consonun dünənki çıxışı zamanı Ukraynanı bundan sonra da dəstəkləyəcəyini vurğulaması bu ehtimalı gücləndirir. Əgər doğrudan da, belədirsə, yəni britaniyalı siyasətçinin istefasının arxasında NATO amili varsa, onda "işin rəngi dəyişir". Bu, Ukraynadakı müharibə ilə daha fərqli ssenarilər barədə düşünməyi zəruri edir: təəssüf ki, bu ssenarilərin əsasında Ukraynanın parçalanması dayanır".