Dünyada istehsal azalır, bahalaşma sürətlənəcək: Hökumətin tədbirlər planı nədir?

19:58 11 İyul 2022

Bəzi ərzaqların qiymətində 30-40%, hətta 60-70%-dək artım var. Bahalaşma təkcə xaricdən gətirilən ərzaqlara deyil, yerli istehsal olunan malları da əhatə edir. Ərzaqların, xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymət artımı uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi ilə nə qədər əlaqədardır? Ən primitiv aqrar məhsullar niyə bahalaşır? Bəs Azərbaycan dövləti bu bahalaşmanı aradan qaldırmaq üçün hansısa strateji planlar hazırlayırmı?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Mürvət Həsənli bildirdi ki, ölkədə  ərzaq məhsullarının bahalaşmasının əsas səbəblərindən biri postpandemiya dövrünə görədir: "İstehsal azalıb, ərzaq məhsullarına təlabat artıb. Logistik xərclərin də bahalaşması bu qiymət artımına səbəb olan birinci amillərdəndir. 
Ət məhsullarının qiymətinin artmasında isə səbəb yemlə əlaqədardır. Ət məhsullarının maya dəyərinin 68-70%-ni yemin maya dəyəri tutur. Buğda 280 manatdan 600 manata, qarğıdalı 350 manatdan 750 manata, soya 1000 manatdan 1600 manata, günəbaxan yağı 1500 manatdan 4000 manata qalxdığına görə, istənilən halda həm ət və yumurta məhsullarında qiymət artımı labüd idi”.


 Ekspertin sözlərinə görə, ərzaq məhsullarında  qiymətlərin  stabilləşməsi gözlənilir: “Bununla əlaqəli hökumət, ölkə başçısı xüsusi strateji planlar işləyib hazırlayıb. Bunlardan birincisi , son dövrlərdə soyadan, yem qatqıları, mineral maddələrdən, onların satışından əlavə dəyər vergisi və rüsumun qaldırımasıdır. Yəqin ki, bunlar ətin qiymətinin qalxmasına imkan verməyəcək.
Bu qərar ən azından toyuq əti məhsulları və yumurta istehsalında xərcləri aşağı salacaq. Stabilləşməni ilin sonunadək saxlama mümkün olacaq.  Bu il ölkədə yem ehtiyatı toplansa , qışda şətin vəziyyətə yaranmaz”.

Mürvət Həsənli bildirdi ki,  ümumiyyətlə bazarda stabillik yoxdur: "Səbəb odur ki, Rusiya-Ukrayna müharibəsi dünya ərzaq bazarına ciddi təsir edib. Ukrayna bu il torpaqların 25%-ni əkməyib. Onun illik istehsalı tək buğdada 25 milyon ton idi və bu il gözlənilən 15 milyon tondur, bunun da 5 milyon tonunu Ukrayna özü istehlak edir. Qalan 10 milyon tonu isə yəqin ki, satacaq. Rusiya da o cümlədən. Bütün bu proseslər qiymətin stabilləşməsini çətinləşdirir. 
Yaxın 3 ildə bazarlarda stabilləşmə ola bilər. Postpandemiya dövrü olduğuna görə iqtisadiyyatın bu dövrdən az artımla çıxması gözləniləndir. Dünya bankının hesablamasına görə, Azərbaycanda son 6 ayda 7.5% iqtisadi artım var. 
İlin sonuna qədər bu rəqəm biraz da arta bilər. Ölkənin statistik hesablamaları var, bu hesablamalara uyğun planları var. Yaxın 5-10 il üçün müəyyən planlar mövcuddur. 2016-25-ci illərdə strateji yol xəritəsi ölkə başçısı tərəfindən təsdiq olunub. Bunun böyük bir hissəsi geridə qaldı, ona da uyğun gələcək planlar var ki, 2025-ci ildə əhalinin ərzaq təlabatını ödəyə bilsinlər”.
 
Safura Bənnayeva

SİTAT.İNFO




Xəbər xətti