Hazırda ölkədə müxtəlif sahələrdə gedən sürətli bahalaşma marketlərdə xüsusilə hiss olunur. Təməl ehtiyac olan gündəlik ərzaq məhsullarının qiymətindəki artım xidmət sektorlarında da bahalaşmaya gətirib çıxarır. Bu hələ başlanğıcdır və prosesin davamlı olacağı gözlənilir. Azərbaycan necə yan keçə bilər? Əhali həm də işsizlikdən əziyyət çəkir, zavod-fabriklərin yaradılmasını istəyir. Yerli istehsal bu problemdən çıxış yoludurmu?
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən deputat Naqif Həmzəyev bildirdi ki, qlobal bahalaşma Azərbaycandan da yan keçmir: "Xaricdən idxal olunan əksər məhsullarda qiymət artımı müşahidə olunur. Ən çox narahat edən məsələ daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilməməyimizdir. Dövlət tərəfindən təxirə salınmaz tədbirlər həyata keçirilsə də, kənd təsərrüfatının inkişaf etdirilməsi mümkün olar. Bu təsərrüfatla məşğul olan insanlara müəyyən subsidiyaların və maddi dəstəyin göstərilməsi davam etdirilməlidir. Xüsusilə də kənddə yaşayanlara üz tutmalı və kənd şəraitində yaşamış, sonradan paytaxta köçmüş insanların yenidən kəndə qayıtmasını təmin etməyə çalışmalıyıq. Onların şəraitlərini daha da yaxşılaşdırmalıyıq. Əks təqdirdə şəhərlərə baş tutan axının qarşısını heç cür kəsə bilməyəcəyik. Belə olacağı təqdirdə isə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə daha çox biznes məqsədilə bu sahəyə sərmayə qoymuş insanlar məşğul olacaq. Onlar da istər- istəməz hər fürsətdə ərzaq məhsullarının, xüsusən kənd təssərrüfatı məhsullarının qiymətini bahalaşdıracaqlar. Yaxud kəndlilərindən məhsulları ucuz qiymətə alıb, şəhərlərə daha baha qiymətə təqdim edəcəklər”.
Deputat qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənddən şəhərə layihəsi uğurlu həyata keçirilirdi: “Ancaq bu gün bu layihənin miqyasının böyüdülməsinin şahidi ola bilmirik. Bu layihəyə dövlət tərəfindən külli miqdarda vəsait yatırılmalıdır. Biz kəndlinin şəhərdə öz məhsulunu təqdim etməsinə, satmasına şərait yaratmalıyıq. Xüsusi yarmarkaların böyük şəhərlərdə sayını artırmalıyıq və çalışmalıyıq ki, kəndli buradan qazanclı çıxsın. Araşdırmama görə, burada xeyir qazanan kəndli deyil, məhz bizneslə məşğul olan şirkətlərdir. Bu baxımdan aidiyyatı qurumlar bu məsələlərə diqqəti artırmalıdır. Qlobal bahalaşmadan az itki ilə çıxmağa çalışmalıyıq. Bununla yanaşı, xaricdən idxal olunan bəzi məhsullar var ki, onların da qiyməti hər gün bahalaşır, bu prosesə dövlət nəzarəti artırılmalıdır. İnsanların ən çox istifadə etdikləri ərzaq məhsullarının süni qiymət artımına məruz qalması dayandırılmalıdır, xüsusi nəzarət mexanizmi olmalıdır”.
N.Həmzəyevin sözlərinə görə, işğaldan azad olunan torpaqlar da kənd təsərrüfatına qazandırılmalıdır: "44 günlük vətən müharibəsində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda minadan təmizlənmə işləri həyata keçirilir Ötən ildən o ərazilərdə də kənd təsərrüfatı məhsullarının istehsalına, əkilməsinə başlanılıb. Yaxın illərdə həmin ərazilərdə istifadəyə veriləcək yeni kənd təssərrüfatı müəssisələri bu problemi müəyyən dərəcədə aradan qaldıracaq. Növbəti illərdə daxili bazarın bəzi məhsullarının öz hesabımıza təmin edilməsinə nail ola biləcəyik. Bunun üçün də səylərimizi artırmalıyıq. İnsanların təssərrüfata qayıtmasının , kənd yerlərində yaşamasını təmin etməliyik. Onlara motivasiya olmalı və çalışmalıyıq ki, kənd sakinləri kəndləri tərk etməsinlər, əksinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaqda maraqlı olsunlar”.
Nigar Abuzər
SİTAT.İNFO