Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.
Beləliklə, premium markalı Aİ-95 və super markalı Aİ-98 benzinin hər biri 40 qəpik bahalaşıb.
Hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.
İqtisadçı ekspert Eldəniz Əmirov sözügedən məsələ ilə bağlı Sitat.info-ya açıqlamasında 95 markalı benzinin qiymətinin qalxmasının xoş qarşılanacaq xəbər olmadığını qeyd etdi: "Aİ 95 markalı benzinin idxaldan asılı olması, nəticə etibarilə 92 markalı benzin kimi, onun da qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsinə imkan vermir. Dünyada bu benzinin qiymətinin bahalaşması neftin qiymətinin yuxarı səviyyədə olması ilə bağlıdır. Eləcə də istehsalda istifadə olunan texnoloji avadanlıqlar, onların yaradılması, istifadəsi kimi məsələlər 95 markalı benzinin istehsalını bahalaşdırır. Maya dəyəri bahalaşmış məhsulun idxalı da baha olur”.
İqtisadçı ekspert bildirdi ki, 95 markalı benzini hələ də istehsal edə bilməməyimiz neft sənayesi üzrə ən böyük çatışmazlığımızdır: “Dünya ölkələrində 95 markalı benzinin ortalama statistikası 1,47 dollar həcmindədir. Dünya ölkələri ilə müqayisəli təhlili bir o qədər düzgün hesab etmirəm. Çünki neft ölkəsi olmağımız bu məsələyə bir az həssas yanaşmağımızı zəruri edir. Həm neft ölkəsi olduğumuz üçün, həm də orbitə peyklər buraxan, ağıllı kənd yaradan, ordu-summa da yerləşdirilmiş ölkə kimi 7-8 il öncə neft sənayesində də bu addımları ata bilərdik. Yəni daha modern zavodlar quraraq 95 markalı benzin istehsal edə bilərdik”.
E.Əmirovun fikrincə, növbəti il 95 markalı benzin istehsal edə biləcəyik: "Hazırda 95 markalı benzin istehsalı ilə bağlı modernizasiya işləri gedir. Amma istehsal daxili tələbatı ödəyəcəkmi? İdxaldan asılılıq aradan qalxacaqmı ? Bunlar zamanın göstərəcəyi, artıq sual altında qalan məsələlərdir. İdxaldan asılılıq baxımından benzinin qiymətinin qalxması zərurəti yaranmışdısa, niyə birdən-birə 1 manat 60 qəpikdən 2 manata qalxıb? Bu isə 25 faizlik artım deməkdir. Ən azından öncə 1 manat 80 qəpik, sonrakı mərhələdə 2 manat etmək olardı. Çünki bütün hallarda bu məsələnin psixoloji mənfi tərəfləri var. Dizel yanacağı və 92 markalı benzin qədər bu benzinin iqtisadiyyata, inflyasiyaya ciddi mənfi təsirləri olacağını düşünmürəm. Amma 92 markalı benzin və dizel yanacağının qiyməti qalxarsa, bu daha böyük fəsadlara, mənfi təsirlərə gətirib çıxara bilər. Çünki bu yerli istehsalı bahalaşdıracaq, məşğulluğa mənfi təsir göstərəcək, müəyyən problemlər yaradacaq, nəticədə inflyasiyanı daha da gücləndirəcək. Və zəncirvari şəkildə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərəcək. Ona görə də ölkədə istehsal olunan bu iki yanacaq növünün qiymətini qoruyub saxlamaq mütləqdir”.
Ekspertin sözlərinə görə, 95 və 98 markalı benzinlər ümumi istehlak olunmuş benzinin 9 faizini təşkil edir( 8.8 faiz 95 markalı, 0.2 faiz 98 markalı benzin): "Tələbin böyük bir hissəsi isə, digər yanacaq növü üzərində formalaşıb. Mütləq şəkildə digər yanacağın hansısa bir formada qalxmasını əngəlləməliyik. Bunu etmək üçün bütün mümkün addımlar atılmalıdır. 98 markalı benzin cəmi 0.2 faizlik xüsusi çəkiyə malikdir. Bu markalı benzindən daha çox premium avtomobillər istifadə edir və Aİ 95 -lə müqayisədə o qədər də xüsusi çəkiyə malik deyil”.
Nigar Abuzər
SİTAT.İNFO