"Türkiyə, Rusiya, İran üçlüyünün bugünkü münasibətləri kontektindən yanaşılarsa, hələlik nəinki müttəfiqlikdən, heç tərəfdaşlıqdan da danışmaq mümkün deyil. Bu olduqca mürəkkəb, tarixi ziddiyyətlərlə dolu bir konfiqurasiyadır, amma ümidsiz də deyil".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun qeyd edib ki, İran SSRİ-nin süqutunadək, Cənubi Qafqazda, Xəzər hövzəsində nəinki təsir imkanlarına malik olmayıb, buna hətta cəhd göstərməyə belə cəsarət etməyib: " SSRİ-nin süqutundan sonra isə, yaranmış yeni reallığa uyğun olaraq, hərəkətə keçib və bu hərəkət, nədənsə daha çox ortaq din və qismən də mədəniyyətə malik olduğu xalqlara və dövlətlərə qarşı yönəlib. Xəzərin hüquqi statusunun müəyyənləşməsinə uzun illər boyu maneə yaradıb və hələ də 2018-ci il avqustun 12-də Aktau şəhərində imzaladığı Konvensiyanı ratifikasiya etməyib.
Azərbaycan torpaqlarının işğal edildiyi və işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyində Ermənistana hərtərəfli dəstək verib, hətta Azərbaycanın qələbəsindən sonra da rəsmi İrəvana dəstəyini davam etdirib, təhdid xarakterli davranışlara yol verib".
E.Mirzəbəylinin sözlərinə görə, İranın son illər sərgilədiyi davranışlar onu deməyə əsas verir ki, bu ölkə, bölgədə Türkiyənin aktivliyindən daha çox narahatdır, nəinki Rusiyanın: "Əvvəla, buna cəsarət etmir. Digər tərəfdən, İran, hətta fars ultramillətçiliyinin, yenə də bu ultramillətçilikdən qaynaqlanan məzhəbçiliyin sintezindən ibarət ideoloji yapıya sahib olan bir dövlətdir. Rusiya isə həm ideoloji dövlət deyil, həm də bu ölkənin məzhəbçilik, nisbi ortaq mənəvi dəyərlər baxımından bölgəyə nüfuz etmək imkanı yoxdur. Rusyanın təsir imkanları güc amilindədir.
Politoloq hesab edir ki, Türkiyə ideoloji dövlət olmasa da, bölgədəki, təxminən 40-45, Türkiyə və Orta Asiya da daxil edilərsə, təxminən 200 milyonluq türk milli varlığına nüfuz etmək potensialında sahib bir ölkədir: "Bu amil isə uzun illərdir ki, təkcə öz sərhədləri daxilində yox, sərhədlərindən kənarda da assimilyasiya, məzhəbçi ümmətçiliklə pərdələnmiş ultramillətçi ideoloji xətt yürüdən İranı, lazım olduğundan daha artıq əndişələndirir. Bütün bu aspektləri və digər sadalamadığım amilləri nəzərə alsaq, Rusiya, Türkiyə və İran ittifaqı haqqında ehtimal irəli sürmək çətindir. Hər 3 ölkə, regionda rəqibdirlər və hər üçü də digərlərinin zəifləməsini istəyir".
E.Mirzəbəyli vurğuladı ki, indiki məqamda Türkiyə, Rusiya və İranı müəyyən zaman kəsiyində olsa da belə, bir araya gətirə biləcək yeganə faktor bölgədənkənar güclərin regiona daha sərt və daha açıq müdaxilə etmək cəhdləri ola bilər: "Yəni qeyri-regional güc, “xarici düşmən amili”, bölgədə sabitliyin pozulmasına kənar cəhdlər, hazırda hər 3 dövləti bir-biri ilə davamlı dialoqda saxlayan yeganə amildir".
Azərbaycana gəlincə, politoloq qeyd etdi ki, əgər belə bir ittifaq baş tutarsa, ölkəmiz bundan yalnız fayda götürə bilər: "Çünki Azərbaycan bu konfiqurasiyada ən vacib siyasi, mədəni, ideoloji və coğrafi üstünlünlüyə malikdir və sözügedən ölkələr arasında etimadlı münasibətlərin formalaşmasına töhfə verə bilər. Amma bunun üçün ilk növbədə tərəflərin qarşılıqlı asılılığını artıra biləcək layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu çox mühüm amildir və Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin inkişafına müsbət dinamika verib.
Bu baxımdan, daha öncə də qeyd etdiyim kimi, həm Türkiyə, Rusiya, İran strateji tərəfdaşlığı, həm də 3+3 formatının gerçəkləşməsi ehtimalı var, amma bu təkcə bölgədə baş verən proseslərdən asılı deyil".
Nərgiz,
SİTAT.İNFO