Gömrük Komitəsinin ardınca indi də Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan yoxlamaların nəticələri açıqlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb, bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb.
Bu qədər araşdırmalara, cəzalara, həbslərə, xəbərdarlıqlara rəğmən hələ də rüşvət-korrupsiya, mənimsəmə hallarının geniş vüsət almasının səbəbləri nədir? Bu halların baş verməməsi üçün hansı prinsiplərə əsaslanan sistem qurulmalıdır?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, bugün hər hansı nazirlikdə, dövlət qurumunda orta səviyyəli araşdırma aparılsa, həmin dövlət qurumlarının, nazirliklərin, komitələrin nə qədər korrupsiya, rüşvətə bulaşdığını sübut etmək mümkün olar: “İstənilən dövlət qrumunu araşdırın, orada 100% neqativ hallar, rüşvət, korrupsiya faktları ortaya çıxacaq. Bu da artıq ayrı-ayrı nazirliklərin problemi olmaqdan çıxıb, daha çox sistemin, idarəetmə mexanizminin problemidir.
Sistemin, idarəetmə fəlsəfəsinin fəasdlarıdır. Adı, soyadı çıxardıb başqası ilə əvəz etməklə bu proseslər öz həllini tapmaz. İnsanda nəfs var, hər insan gələndən bir müddət sonra neqativ hallara meyllənə bilər. Amma bu insanların ümidinə buraxılmamalıdır. Mexanizm elə qurulmalıdır ki, insanlar istəsə də orada korrupsiya, rüşvətə bulaşmasınlar”.
Tural Abbaslının sözlərinə görə bunun qarşısını almağın ən yaxşı yollarından biri bütün dövlət strukturu, nazirlik, icra hakimiyyətlərində müxalifətin təmsilçiliyinin təmin olunmasıdır: “Əks halda nəzarət mexanizmi olmayacaq. Bu mexanizm olmadığı yerlərdə isə təbii ki, belə neqativ hallar olacaq. Təsadüfi deyil ki, dövlət idarəçiliyində 3 müstəqil qol var və heç bir qolu bir-birinə tabe etməyiblər. Qanunverici orqan, icraedici orqan və məhkəmə sistemindən söhbət gedir. Ona görə bu metod seçilib ki, bir-birilərinə nəzarət etsinlər və nəticədə neqativ hallar aradan qaldırılsın. İndi hansı dövlət strukturu, nazirlik, parlament və s.-də müxalifətin təmsilçiliyi təmin olunub, harada müxalifət iqtidara nəzarət edir, harada iqtidar müxalifətin varlığından çəkinir və öz fəaliyyətində bunu nəzərə alır? Bu olmadıqca bütün nazirlik, idarələrdə bu hallar olacaq, daha da atacaq. Odur ki, bu dialoqun növbəti mərhələsinə keçid olmaldır, real addımlar atılmalıdır və müxalifətin təmsilçiliyi təmin olunmalıdır. Çoxpartiyalı sistemin işə düşməsi üçün addımlar atılmalıdır”.
Safura Bənnayeva
SİTAT.İNFO