"Gömrük rüsumları iqtisadi fəallığı zəiflədirsə, inflyasiyanın artmasına səbəb olursa..." - Professordan SƏRT TƏNQİD

15:19 19 İyul 2022

"Azərbaycanda son illər ərzində fiskal siyasətlə bağlı kifayət qədər genişmiqyaslı islahatlar reallaşdırılıb. Gömrük Komitəsinin işinin qurulması da fiskal siyasətlə bağlıdır. Amma bununla yanaşı, gömrük orqanlarında, komitənin işində yaranmış vəziyyət həm cəmiyyətdə, həm də mütəxəsisslərdə haqlı suallar formalaşdırıb. Düşünürəm ki, ölkə prezidenti tərəfindən kadr siyasəti ilə bağlı qəbul olunmuş  qərar gözlənilən idi və müsbət qarşılandı".

Bu sözləri iqtisad üzrə elmler doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov SİTAT.İNFO-ya açıqlamasında səsləndirib. 

 Onun fikrincə,  sözsüz ki, problem hansısa fərdlərdə axtarılmamalıdır: "Problem ümumi həyata keçirilən siyasətdə və o siyasətdəki boşluqlarda axtarılmalıdır. Təəssüf ki, Gömrük Komitəsinin rəhbərliyində belə bir təəssürat yaranmışdı ki, bu qurumun əsas missiyası daha çox sahibkarlardan vəsait yığmaq, bununla öyünmək, eyni zamanda daralan iqtisadiyyatdan daha çox vəsaitin sıxışdırılıb çıxarılmasından ibarət olmalıdır. Bu Gömrük Komitəsinin əsas missiyasıdır. Bununla bağlı çox təntənəli raportlar verilirdi. Son nəticədə bir şeyi anlamaq lazımdır ki, iqtisadiyyat inkişaf etməlidir, biznes mühitə təkan verilməlidir, işgüzar fəallıq artmalıdır ki, daha çox əlavə dəyər formalaşsın və yalnız ondan sonra büdcə yığımları, o cümlədən gömrük yığımları hesabına dövlət büdcəsinin imkanları genişləndirilsin. İqtisadiyyata təkan verməklə gömrük siyasətinin effektivliyindən danışmaq lazımdır".

Professor vurğuladı ki, əgər gömrük rüsumları iqtisadi fəallığı zəiflədirsə, inflyasiyanın artmasına , işsizliyin genişlənməsinə səbəb olursa, o yığılan vəsaitlərdəki artımın iqtisadiyyatda hansısa müsbət effekt verəcəyini gözləmək sadəlövlükdür, primitivlikdir: "Bu primitiv və elmi baxımdan  əsaslandırılmadan, aktual proseslərdən uzaq yanaşma ilə,  dünyada baş verən tərəqqi proseslərindən uzaq bir fəlsəfə ilə gömrük xidmətlərinin idarə olunmasının "nəticəsini" də gördük. Faktiki olaraq gömrük siaysəti ölkədəki iqtisadi inkişaf prosesinə təkan vermək əvəzinə daha da tormozlayıcı bir funksiya daşımaqdadır. Rüsumların artımı ilə bağlı qeyri-adekvat yanaşmalar var. Məsələn, faktiki olaraq ölkə əhalisinin xeyli hissəsi  ölkədə istehsal olunmayan məhsulları elektron ticarət vasitəsilə xaricdən alırdı və daha münasib qiymətə əldə edə bilirdi. Digər tərəfdən bu sahədə fəaliyyət göstərən xeyli dərəcədə sahibkarlar, biznes adamları öz işlərini quraraq sosial gərginliyin aradan qaldırılmasına nail olurdular. Belə olan halda hansısa düşünülməmiş, əsassız qərarla rüsumların artırılması bu bazarda da problemlərin yaradılmasına səbəb oldu. Eyni zamanda ümumiyyətlə qeyri -neft sektorunda idxal -ixrac əməliyyatları ilə bağlı problemlərin ortaya çıxması, qeyr-adi gömrük siyasətinin tətbiq edilməsi faktiki olaraq ölkədə qeyri-xammal sektorunun inkişafında uzun illər ərzində tormozlayıcı rol oynayır. Əgər fiskal struktur rəsmiləri mənfi imicə malik olursa, bu ölkənin biznes mühitinə zərbə vurmuş olur. Dünya təcrübəsi də belədir. Gömrük sistemində, şəffaflığın, idarəetmənin təkmilləşdirilməsini vacibdir. 

Görmrük Komitəsinin ləğvinə gəlincə, E.Məmmədov qeyd etdi ki, bu qurumun həm fiskal tərəfi , həm də təhlükəsizlik tərəfi var: "Bu istiqamətdə  qurum hüquq-mühafizə strukturu kimi fəaliyyət göstərir. Gömrük sisteminin hansı formada fəaliyyətini davam etdirməsindən asılı olmayaraq  onun iqtisadi bloku və təhlükəsizliklə bağlı  bloku arasında bir diferensasiya aparılmalıdır. Yalnız hüquq-mühafizə strukturu kimi fəaliyyət göstərməsinin iqtisadiyyata problemləri ola bilər, yalnız iqtisadi  qurum kimi fəaliyyət göstərməsinin təhlükəsizliklə bağlı problemlərə səbəb olması gündəmə gələ bilər. Burada elmi baxımdan əsaslandırılmış diferensial yanaşma tələb olunur". 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti