Bank sektorunun "Kapital Bank" problemi: Dövlət sifarişləri niyə ədalətsizcə bir banka yönəlir?

13:37 3 Avqust 2022

Tez-tez sosial şəbəkələrdə Kapital Bankın fəaliyyəti ilə bağlı narazılıqların şahidi oluruq. Eləcə də Sitat.info-nun redaksiyasına şikayətlər daxil olur. Həm komissiya haqqının çox çıxılması, həm müştəri sıxlığından dolayı yaşanan problemlər, bankın filiallarında yaranan uzun növbələr, bank əməliyyatları zamanı tez-tez sistemdə problemlərin yaranması yəqin ki, heç kimə sirr deyil.

Problem ondadır ki, sanki ölkədə başqa bank yoxmuş kimi əksər dövlət qurumları, komitələr, agentliklər işini Kapital Bankla həll edir, vətəndaşları bu banka yönəldirlər. Nəticədə bu qurum həddindən artıq yüklənir, müştəri xidmətləri bərbad vəziyyətə düşür. Sistem tez-tez donur, yüzlərlə insan növbə gözləyir. Digər banklar müştəri tapmaqda çətinlik çəkərkən, bütün dövlət xidmətləri bir bankla həyata keçirilir. Bank da tələbin yüksək olduğunu görüb qiymətləri bahalaşdırır. Bu problemi necə aradan qaldırmaq olar? Nəyə görə dövlət sifarişləri bütün banklar arasında bərabər bölünmür?  Üstəgəl bu qədər mövqeyi güclənən bankı etibarlı hesab edən iş adamları, biznesmenlər də həmin banka üz tutur və artan tələb xidmət səviyyəsini aşağı salır. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən  iqtisadçı ekspert Rəşad Həsənov  bildirdi ki, dövlət sifarişlərinin bir banka cəmləşməsi digər bankların rəqabət qabiliyyətini zəiflədir: "Məsələ sadəcə müştərilərə bank xidmətlərinin keyfiyyətsiz təşkilində  deyil. Bu bank və mailiyyə sektoru üçün  kifayət qədər ciddi problemdir, çünki dövlət xidmətlərinin bir bankda cəmləşməsi, təmərküzləşdirilməsi resursların ədalətsiz bölgüsünə, qeyri-səmərəli fəaliyyət mühitinə gətirib çıxarır. Nəticədə həmin bankın digər banklara münasibətdə mövqeyi, bazar payı kifayət qədər güclənir. Bu da növbəti prosesin başlamasına, digər sahələrdə qeyri-ədalətli bank siyasətinin həyata keçirilməsinə gətirib çıxaran prosesdir”.

Rəşad Həsənov qeyd etdi ki, yeganə həll yolu mövcud qanunvericiliyin tələblərinə uyğun dövlət satınalmaları qaydasında dövlətin sifariş verdiyi xidmətlərin digər kommersiya bankları arasında da bölgüsünün təmin edilməsidir:”  Təbii ki, infrastrukturuna, mövcud imkanlarına uyğun olaraq banklar prosesə cəlb edilməlidir. Bu istiqamətdəki inhisarçılıq aradan qaldırılmalıdır. Belə olduğu təqdirdə həm yüklənmə səviyyəsi aşağı düşəcək, həm rəqabət yaranacaq, həm də bu rəqabət təklif edilən xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxaracaq. O cümlədən maliyyə- bank sektorunda ədalətli fəaliyyət mühiti yaranacaq”.

İqtisadçının  sözlərinə görə, əgər 2022 -26-cı illər sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan  tədbirlər icra edilərsə, bu problemin qismən də olsa, həlli mümkün olacaq: "Çünki sosial-iqtisadi inkişaf strategiyasında bu məsələ ilə bağlı xüsusi fəaliyyət nəzərdə tutulub. Və dövlət xidmətlərinin digər kommersiya banklarına ötürülməsi yolu ilə rəqabətli, ədalətli fəaliyyət mühitinin yaradılması hədəflənir”.

İqtisadçı ekspert ümid edir ki, bu fəaliyyətin icra edilməsi ilə bağlı sonraki illərdə hər hansı subyektiv maraqlar ortaya çıxmayacaq: "Belə olduğu təqirdə problemi əhəmiyyətli dərəcədə həll etmək mümkün olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli "Kapital Bank"ın dövlətə, hakimiyyətə yaxın bank olduğu üçün daha güvənilir hesab edildiyini qeyd etdi: ”Ona görə də bir çox hallarda daha çox pul qazanması üçün dövlət ödənişlərinin də Kapital Banka yönləndirilməsinin şahidi oluruq. Amma tutumu yetərli deyil, çatdırmır, müştəri axınına dözmür. Kapital Bankın onlayn bank sistemini genişləndirmək, gücləndirmək  lazımdır. Elə xidmət növləri var ki, banka getməyə ehtiyac yoxdur, onlayn qaydada həll olunmalıdır, ancaq Kapital Bank hələ tam bu xidmətdən istifadə edə bilmir”.

İqtisadçı Azərbaycanda bank xidmətində və sistemində ciddi təmərküzləşmənin mövcudluğundan söz açdı: "Məsələnin ikinci tərəfi odur ki, rəqabətli mühit, seçim imkanları olsaydı, sadəcə yönləndirməklə olmasaydı, digər bankıara da pay düşərdi. Banklar  çox kiçik çevrənin əlində cəmlənib deyə, "Kapital Bank" bundan istifadə edərək, rəsmi dövlət bankı olmasa da, dövlət xidmətlərinin bir çoxunu öz əlində cəmləyib”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti