Qərbdə dərin enerji böhranı: "İnflyasiya və kasıblıq artdıqca radikal, millətçi qruplar güclənəcək"

12:59 11 Avqust 2022

"Dünən Avropada 1000 m3 qazın qiyməti 2250 dollar oldu, AB ölkələri enerjidən istifadədə öz vətəndaşlarına çoxsaylı məhdudiyyətlər gətirir - hətta elektrik enerjisinin, qazın, suyun günün bəlli saatlarında kəsiləcəyini, məhdudiyyətlər olacağını söyləyib vətəndaşları buna hazırlayırlar.

Rusiyanın Ukraynaya təcavüzü, rəsmi Moskvanın enerji daşıyıcılarından silah kimi, təzyiq vasitəsi kimi istifadə etməsi məlum məsələdir, Ayıdan başqa nə gözləmək olardı ki?! Amma Qərbin, əsas da AB ölkələrinin bu məsələlərdə hazırlıqsız yaxalanması öz günahları, öz səhvləridir".

Bu sözləri Sitat.info -ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, 2009-da zatən Rusiya qaz-neftdən silah kimi istifadə etmişdi, 2014-15- ci illərdə də AB yə problemlər yaratmışdı: "Amma Qərb bunları sanki görmürdü, duymurdu, hətta özü səhv, yanlış addımlar atırdı. Məsələn, bərpaolunan enerjiyə çox güvəndilər - problemlər çıxdı, alternativ mənbələr hazırlamadan AES-nı bağladılar, atom enerjisini zərərli elan etdilər, amma sonra 2022-nin yanvarında qərara yenidən baxıb atom enerjisini "yaşıl" elan etdilər.

Pandemiya adlı bəlanı isə o qədər zay, mənasız idarə etdilər ki, problemlər daha çox artdı, inflyasiya yüksəldi, tədarük zəncirləri qırıldı.

Ukrayna böhranı da göz görə-görə gəldi.  2014-dən məlum idi ki, Ayı Ukraynanı parçalayacaq, Krımı qopartdı, şərq və cənubu da qoparmağa çalışacaq. Yaxşı, Ayı gərək vəhşiləşərdimi ki, Qərb milyardlarla dollar dəyərində silah-sursat verərdi Kiyevə?! Son 8 ildə Ukraynaya indi təmin etdikləri dəstəyi nədən vermirdilər?!"

N.Cəfərli vurğuladı ki, Qərb "sovetləşir" və bu  çox narahat edicidir: "Avropada işıq-qaz-su problemləri, inflyasiya və kasıblıq artdıqca, azadlıqları müxtəlif bəhanələrlə daraldıqca Qərbdə radikal, millətçi (sözün pis mənasında), populist qruplar güclənəcək. Bir daha deyim ki, Qərbin ən güclü və ən zəif tərəfi eyni şeydi - hər ikisi demokratiya və seçkidir, sadəcə zamana və şəraitə görə bu bu amillər gah güclü, gah da zəif faktor olur. İndiki problemlər Qərbi zəiflədir, öz dəyər və prinsiplərindən uzaqlaşdırır, bu çox təhlükəli tendensiyadır, avtoritar sistemlərə qol-qanad verən prosesdir...".

Nigar,

SİTAT.İNFO



Xəbər xətti