"Qəzaların 50 faizindən çoxu piyada vurma ilə bağlıdır" - Nəqliyyat eksperti

14:20 15 Avqust 2022

Son vaxtlar avtomobillərlə piyadaların vurulması halları artıb. Demək olar ki, hər gün bir neçə belə qəza xəbəri ilə rastlaşırıq. Bəzən piyada keçidlərinin olmasına baxmayaraq, piyadalar yolu qısaltmaq üçün həyatlarını riskə atırlar və bu da çox vaxt ölümlə nəticələnir.

Bəzən də məhz sürücülərin diqqətsizliyi, yol hərəkəti qaydalarına əməl etməmələri səbəbindən bəxbəxt hadisələr baş verir. Bəs, bu qəzaların yaşanmasına səbəb olan əsas faktor nədir? Qəzaların baş verməsində məsuliyyət piyadaların, ya sürücülərin üzərinə düşür? Ölkənin hər yerində piyadaların təhlükəsizliyi üçün uyğun şərait varmı? 

Sözügedən məsələ ilə bağlı Sitat.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, respublika üzrə baxanda 50 faizdən çox hadisə piyada vurma ilə bağlıdır:” Son vaxtlar yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə edilir. Xüsusən də piyada vurmalar daha çox bizi narahat edir.  Gündəlik yol-nəqliyyat hadisələrinin sayına baxsaq, 2 -3  nəfər itiririk. Tək hallarda  olur ki, gün ərzində 1 nəfər yol qəzalarında həlak olur. Xüsusən həftəsonları hadisələrin sayı artır. 2 günə 7-8 nəfər yollarda qəzaların  qurbanı olur. Burada piyadaların sayı təəssüf ki, çoxdur. Nəticədə həm piyadalar həyatını itirir, həm sürücülərin həyatı məhv olur. Onlar istintaq orqanlarına düşürlər, mənəvi, psixoloji sarsıntı keçirirlər”. 

Nəqliyyat eksperti qeyd etdi ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı nəzarət  mexanizmini, təbliğat - təşviqat işlərini gücləndirmək lazımdır :”Həmişə bir qəzada iki ailə məhv olur.  Cəzalar doğru -düzgün tətbiq olunmalıdır. Sərtləşdirilməli deyil. Mövcud qaydalar, cərimələr tətbiq olunsa, bu da öz effektini verəcək. Amma bu gün piyadalarla bağlı vəziyətimiz heç də yaxşı deyil. Piyadalar həm yol hərəkəti qaydalarını pozurlar, həm də cəzasız qalırlar. Nəticədə görürürük ki, cəzalar tətbiq olunan zamanki vəziyyət indikindən daha yaxşı idi.  Əvvəllər cərimələr tətbiq olunurdu, cəzalar yazılırdı, piyadalar da bir az məsuliyyətli idilər. İndi isə, onlara  qarşı yüngül yanaşma var və piyadalar da bundan istifadə edirlər. Həm də nəzərə almaq  lazımdır ki, piyadalarla bağlı ciddi təbliğat işləri və onlar üçün  normal şəraitin yaradılması məsələləri çox önəmlidir. Piyada keçidləri, zebralar, yeraltı, yerüstü keçidlər hamısı nəzarət altında saxlanılmalıdır, tətbiq, təmir edilməlidir”.

Elməddin Muradlı vurğuladı ki, Bakının bir çox yerlərində piyada keçidləri yoxdur:  "Keçid yoxdursa, piyada nə etməlidir? Heydər Əliyev prospektini, Bayıl qəsəbəsindəki Şıx çimərliyini qeyd etmək istəyirəm. Neçə kilometr ərazidə böyük çimərliklər var. Xüsusən də Leyla xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan , istifadəyə verilən çimərliyin pulsuz olmasına görə, çox adam ora axın edir. Amma yaxınlıqda bir keçid belə yoxdur. İnsanlar yolun hərəkət hissəsindən istifadə edirlər. Neftçilər xəstəxanasının qarşısı, Yusif Səfərov küçəsi, Əmlək Məsələləri üzrə Dövlət Xidməti - həmin ərazidə Bakı şəhər Baş Polis idarəsi var. Bu nəhəng idarələrin qarşısında bir piyada keçidi yoxdur. Piyada təhlükəsizliyinə bu cür yanaşırıqsa,  bəs piyadalardan nə tələb edək?  Razıyam ki, piyadalar onlar üçün şərait olan yerdən də istifadə etmirlər. Amma  hər halda şəraiti daha da yaxşılaşdırmaq, sonra nəzarət məsələlərini həll etmək lazımdır”.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti