Manat alıcılıq qabiliyyətini sürətlə itirir. Rəsmi məzənnə hər nə qədər sabit qalsa da, günbəgün artan qiymətlər qarşısında milli valyutamızı dəyərsizləşdirir. Bunun qarşısını almaq üçün nə kimi addımlar atmaq mümkündür ? Ümumiyyətlə dünya təcrübəsində valyutanın alıcılıq qabiliyyətini qorumaq üçün hansı addımlar atılır?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, manatın alıcılıq gücünün qorunması üçün görüləcək bir nömrəli iş, anti-inflyasiya tədbirləri çərçivəsində hökumətin atacağı addımlardır: "Çünki məhz istehlak qiymətləri indeksi manatın alıcılıq gücünü zəiflədir. Narahat edici məqam ondan ibarətdir ki, inflyasiya artıq iqtisadiyyatda xroniki hal almağa başlayır. Bu da manatın daha sürətlə dəyərsizləşməsinə gətirib çıxara bilir. O cümlədən, hökumət humanitar siyasətlə fiskal siyasəti uzlaşdırmağa çalışmalıdır. Bu istiqamətdə onsuz da müəyyən fəaliyyətlər həyata keçirilir. Həmçinin idxal inflyasiyasının azaldılması məqsədilə müəyyən addımlar atıla bilər. Bununla bağlı planlamanın artıq başladığı haqqında informasiyalar mediada yayılır".
Rəşad Həsənov qeyd etdi ki, vergi güzəştlərinin verilməsi müəyyən mənada istehlak səbətinə daxil olan mal və xidmətlərin maya dəyərinin aşağı salınması baxımından önəmlidir: "Burada əsasən təklifin artırılması istiqamətində işlər görülməlidir. Çünki təklif artdığı halda, bu rəqabətli qiymətlərin formalaşması, eyni zamanda manatın alıcılıq gücünün qorunmasına öz təsirini göstərir. Digər məsələ, nisbətən daha sərt -pul kredit siyasətinin həyata keçirilməsi və yumşaq liberal idxal və istehsal mühitinin formalaşdırılmasıdır. Belə olduğu təqdirdə müəyyən mənada biz inflyasiyanı tənzimlənən səviyyəyə endirməklə manatın dəyərsizləşməsi prosesinin sürətinin azalda bilərik".
İqtisadçı onu da əlavə etdi ki, fundamental islahatların həyata keçirilməsi də bir zərurətdir: "Xüsusilə də liberal fəaliyyət mühiti ilə bağlı, rəqabətli fəaliyyət mühitinin yaradılması ilə bağlı işlərin görülməsi, inhisarçılığın qarşısının alınması, inhisar qiymətlərinin formalaşmasının qarşısının alınması, karter sövdələşmələrə şərait yaradan halların aradan qaldırılması da bu prosesdə hökumət qarşısında dayanan əsas məsələdir. İlk olaraq fokuslanmalı sahə, düşünürəm ki, burada daha çox məhz əhalinin alıcılığında əsas paya malik olan gündəlik tələbat və ərzaq məhsullarının təklifi istiqamətində olmalıdır ki, bu müəyyən mənada istehsal qiymətləri indeksinin optimal səviyyəyə çatdırılması üçün şərait yaratmış olsun".
Ləman Sərvanqızı
SİTAT.İNFO