"Qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirləri qaçılmazıdır".
Bunu “Report”a açıqlamasında "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında cərəyan edən iqtisadi-siyasi proseslər buğdanın və digər ərzaqların qiymətinə mənfi təsir göstərir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırkı ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 %-dən yuxarı artım olub. Bu gün dunyada buğda məhsulunda əhəmiyyətli azalma yoxdur. Onun qiymətlərinə təsir edən əsas amillərdən biri buğda istehsalçılarının spekulyativ əməliyyatlarıdır. Bu özünü ölkələrin buğda ixracına tətbiq etdiyi kvotada göstərir. Belə ölkələrin sırasına bizim regionun əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 min tondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 % azaldıb. Digər tərəfdən dünya bazarında tədarük zəncirlərinin pozulması müşahidə edilməkdədir. Ənənəvi buğda alıcılarının yerinə yeniləri gəlib. Bu sahədə olan kiçik şirkətlər sıradan çıxaraq öz yerini daha böyük şirkətlərə verib. Sonuncular da spekulyativ əməliyyatlar həyata keçirməklə buğdanı alıb saxlamaqla süni buğda defisiti yaradırlar. Bütün bu faktorlar nəticə etibarı ilə buğdanın qiymətinin artmasına gətirib çıxarır".
Ekspert diqqətə çatdırıb ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir: "Ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100 ABŞ dolları idisə hazırda bu rəqəm 145 ABŞ dollarıdır və gələn ay 150 ABŞ dollarına çatacağı güman edilir. Bunun un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır. Unun bir kilosunda 0,20 manata kimi qiymət artımı ola bilər.